Masonluq Azərbaycana gəldi
Mason lojasının rəhbəri yazar Həmid Herisçinin qardaşıdır
Türkiyə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının dərgisində
yaxın günlərdə Azərbaycan Böyük Mason Lojasının qurulacağını xəbər
verilib. Məqalədə lojanın qurucusu olmaq istəyən "qardaşların”
adlarını göstərən siyahı da dərc olunub. Dünyanın müxtəlif bölgələrdə
loja quruculuğunu müntəzəm olaraq davam etdirən masonlar müstəqil
Azərbaycan Böyük Lojasının qurulmasında üzərlərinə düşən vəzifəni böyük
sevinc və fəxrlə tamamladıqlarını deyiblər.
Azərbaycanda masonluğun yolunda heç bir maneə qalmayıb
Dərgidə daha sonra qeyd edilir ki, Sovetlər Birliyi dönəmində yasaq
olan masonluq Sovetlərin dağılmasından sonra da Azərbaycanda bəzi
qanuni prosedurlara görə əngəllənirdi. Amma artıq Azərbaycanda mason
lojalarının qurulmasına heç bir hüquqi maneyə yoxdur. “Tesviye”nin
yazdıqlarına görə Azərbaycanda masonluğun yayılması istiqamətində ilk
addım 2003-cü ildə atılıb. Belə ki, 14 iyun 2003-cü il tarixində
Türkiyə Böyük Mason Lojasının toplantısında növbəti illərdə
Azərbaycanda müstəqil Böyük Lojanın qurulması üçün fəaliyyət planının
hazırlanması qərara alınıb. Bu məqsədlə hər birindən beş nəfər olmaqla
İstanbul, Ankara, İzmir bölgələrində "Yeni Ufuk" adlı komissiya
yaradılıb. Komissiya rəhbərinə əslən azərbaycanlı olan Behzat Rızvani
gətirilib. Onun katibisə Ankarada yaşayan başqa bir azərbaycanlı - Əli
Herisçi olur. İlkin olaraq komissiya 2 avqust 2003 tarixində
qurulacaq lojanın adının ‘”Xəzər”, şərti nömrəsinin 1000 olmasını,
açılış mərasiminin 17 noyabr 2003-cü il tarixdə saat 19:00
keçirilməsini qərarlaşdırır. Lakin açıqlanmayan səbəblərə görə lojanın
açılış mərasımı hu günlərədək yubanır.
Həmid Herisçi: “Mən masonlara qarşıyam”
Azərbaycandakı mason lojasının təşkilində adı keçən Əli Herisçi
vaxtı ilə «Space» TV-də “Gecə kanalı” verilişinin aparıcılarından olan
yazıçı Həmid Herisçinin qardaşıdır. Yazıçıyla əlaqə saxlayıb məsələ ilə
bağlı fikirlərini öyrəndik. Sonuncu dəfə iki il əvvəl qardaşıyla
anasının hüzn mərasimində görüşdüyünü deyən Həmid bəy daha əvvəl
qardaşında masonluqla əlaqəli bir şey sezmədiyini deyir. Qeyd edək ki,
Əli Herisçi 90-cı ildən Türkiyədə yaşayır: “Onun mason olduğunu bu
yaxınlarda internetdən öyrənmişəm, amma hələ bu barədə onunla
söhbətləşməmişəm. Ümumiyyətlə bir ildən çoxdur ki, Əli ilə mənim heç
bir əlaqəm yoxdur. Onun bu məqama çatmasında böyük ehtimalla bizim
herisçilərin xalçaçılıq ənənələri və nəslimizin Avropadakı əlaqələri
rol oynayıb. Axı herisçilər 19-cu əsrin əvvəllərindən öz sənətləri ilə
Avropa elitasının diqqətini çəkə bilmişdi. Bilidiyiniz kimi masonlar
memarlıqla yaxın olublar, qardaşım da rəssam və dizayner olduğundan
herisçilərin əlaqələrindən istifadə edərək mason olub». Hemid Herisçi
qardaşının seçiminə normal yanaşsa da o özü mason olmaq fikrində deyil:
“Mən masonlara qarşı mübarizə aparan adamam. Sonuncu yazılarımı
oxuyanlar bunu bilir. Görünür bu da bir taledir ki, qardaşım dünyanı
gizli idarə edən qüvvələrə qarşı çıxmır, onlarla işləməyə üstünlük
verdi”. Sonda Əli Herisçinin rəsmi saytına istinadən qeyd edək ki,
o, 1958-cu ildə Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət
Universitetinin məzunudur. Beş il oxuduğu universitetdə təlim
verdikdən sonra 1983-1988-ci illər arası dövlət və özəl qurumlarında
layihəçi-rəssam olaraq çalışıb. 1992 ildən bu yana Türkiyənin Qazi
Universitetində müəllim kimi fəaliyyət göstərir.// Bizim Yol
|