Qarabaq xanının birinci vəziri XVIII əsrin məşhur
siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər
ən'ənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına
yaxın şe'rlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı
Azərbaycan poeziyasının gələcək inkişafına böyük tə'sir göstərmişdir.
Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı
Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, omun əcdadları
böyük Füzulinin də mənsub olduqu Bayat tayfasından olub. Onun
valideynləri haqqında çox az şey mə'lumdur. Bəllidir ki, onun babasını
Süleyman, atasını Mehdi, anasını isə Ağqız çağırmışlar.
Pənah yaxşı təhsil görmüşdü. O, fars və
ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura,
musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim
və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bə'zi salnaməçilər belə
hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb.
Orası da mə'lumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə
Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən
mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu
zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin
hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir
məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."
XVIII əsrin ortalarında Gürcüstan
sərhəddində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və
Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu
ailə Qarabağın Cavanşir uyezdinin Tərtərbasar kəndində sığınacaq tapır.
Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının
aldığı cüz"i maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin
ailəsi kasıblıq həddində yaşayır. Görünür, onun məşhur "Bayram oldu"
qoşması da elə həmin vaxtlarda yazılmışdır:
Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.
Əlbəttə, Vaqifin yaradıcılığında heç nə ilə
fərqlənməyən bu şe'ri misal gətirməmək də olardı. Ancaq sovet dövründə
Vaqif poeziyasının məşhur nümunəsi kimi daim xatırladılan bu şe'r az
qala şairin bütün yaradıcılığının şah əsəri sayılırdı. Bu şe'ri uşaq
bağçalarından tutmuş universitet auditoriyalarına qədər hər yerdə
əzbərdən söyləyirdilər. Və qoşmanın məzmununda mövcud quruluşun
üstünlükləri haqqında ciddi ümumiləşdirmələr aparırdılar. Azərbaycan
şe'rsevərlərinin geniş kütləsi şairin bədii yaradıcılığı ilə tanışlı-ğı
məhz bu qoşma ilə başlayır, Vaqifin həyat və yaradıcılığı haqqında ən
dolqun mə'lumatı isə Səməd Vurğunun məşhur "Vaqif" pyesindən alırdılar.
Biz isə tarixi mə'lumatlarımıza davam
edək. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür.
Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm
gözəl müəllim, həm də iste'dadlı şair kimi tanınmağa başlayır. Şairin
şöhrəti Qarabağ hakimi İbrahim Xəlil xana çatır və onu saraya də'vət
edirlər.
Vaqifin saraya gəlməsi barədə bir neçə
rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və
zəlzələ olacağı haqda irəlicədən dəqiq xəbər verir və bu xəbəri xana
çatdırırlar. İbrahim Xəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq
istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda
qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən
Vaqif Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu
xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin
İbrahim Xəlil xanın tə'kidli xahişi ilə şairin Qarabağa qayıtmasına
icazə verir.
Vaqifin ömrünün son günlərinə qədər
sarayda yaşaması mə'lumdur. O, əvvəlcə eşik ağası, yə'ni, daxili işlər
naziri, daha sonra isə birinci vəzir kimi fəaliyyət göstərib. Özünün
yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəqbətini
qazanır.
Görünür, Vaqif astronomiya ilə ciddi
məşqul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının
və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün
istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim
məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif
tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının,
yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq
hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və
o, daim öz biliklərini artırmaqla məşqul olurdu. Saray əyanları və
şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs
götürdüyü Vaqif (hər şeyi bilən) adını doğrultduğunu göstərir.
Vaqif yaradıcılıqının görkəmli
tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının
vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və
uzaqgörən bir siyasətçi kimi göstərə bilir. Doğrudur, Vaqifin bacarıq
və iste'dadını şübhə altına almaq mümkün deyil, amma bir məsələni
aydınlaşdırmaq üstündən bu qədər vaxt keçəndən sonra bizim üçün
çətinlik törədir: Bu gün Qarabağda baş verən qanlı hadisələr kimin
"uzaqgörənliyinin" nəticəsidir - Vaqifin, yoxsa İbrahim Xəlil xanın? Bu
hadisələrin kökü o vaxtlar yeridilmiş siyasətdənmi irəli gəlir?...
Vaqif iki arvad alıb. Birinin adı
Qızxanım, o birininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və
gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq
arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin
bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlar
idilər. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və
yetkin çağlarında qətlə yetirilmişdi.
Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız
oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç
şübhəsiz, həmyerlisi və bə'zi mənbələrə əsasən, uzaq qohumu Vidadi
olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların
müşairəsi (şe'rləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.
Vaqifin yaxın dostlarından biri - Hüseyn xan Müştaq 22 il Şəki xanı olmüşdu, Vaqifin onunla da şe'rləşdiyi bəllidir.
Vaqif saraya düşdükdən sonra özü sünni olsa
da, xanın inandığı şiə məzhəbini qobul edir. Birinci vəzir olduqdan
sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. O vaxt Azərbaycanda
vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şahın
öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl Azərbaycanda müstəqil
xanlıqlar yaranmışdı. Az bir müddət ərzində Şəki, Qarabağ, Gəncə, Quba
kimi Azərbaycan xanlıqları beynəlxalq miqyasda tanınmağa başlayırlar.
Lakin bu xanlıqların müəyyən iqqisadi, siyasi və hərbi uğurlarına
baxmayaraq, onların başı üzərində hər an öz müstəqilliklərini itirmək
təhlükəsi dolaşırdı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya,
İran və Türkiyə mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan
da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal
müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını
məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən
dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və onlar birlikdə
Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya
təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr
arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə
olduğu zaman Vaqif şəhərin tə'rifinə, gürcü gözəllərinə və İraklinin
oğlu şahzadə Eulona həsr olunmuş şe'rlər də yazıb. 1783-cü ildə İbrahim
Xəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ
xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. İbrahim xan çətin bir
seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda hakimiyyətə
gəlmiş Ağa Məhəmməd şah Qacarı seçməli idi. İbrahim Xəlil xan çox
düşünmədən Rusiyaya üstünlük verir. Məsələ onda idi ki, hələ qədim
zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və
200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər
hökmranlıq etmişdi. Yəqin ki, Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq
istərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası
ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa
yaxınlaşdıqca, İbrahim Xəlil xan II İrakli ilə daha artıq yaxınlaşmağa
başlayır. Vaqif Ağa Məhəmməd xana qarşı birləşmək üçün İbrahim Xəlil
xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir
Mustafa xanın danışıqlarında iştirak edir.
Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa
Məhəmməd şah İbrahim Xəlil xandan ona tabe olmasını və bunun rəmzi kimi
oğlunu onun yanına girov göndərməsini tələb edir. İbrahim Xəlil xan
buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını
keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin
başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın
mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahim Xəlil xanı qorxutmaq
məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub
bu məzmunda olmalı idi: "Ey ağılsız, göydən başına daşlar yağarkən sən
şüşənin içində mö'cüzəmi axtarırsan?" Bu parçada Şuşa qalasının adı
("şüşə sözü) oy-nadılmışdı. Şuşa Azərbaycan dilində "şüşə" demək idi və
şüşə də təbii ki, daşa davam gətirə bilməzdi. Həmin beyt yazılmış
kağızı oxa bərkidərək, qalaya atırlar. Qarabağ xanının birinci vəziri
Vaqif buna cavab yazaraq, elə həmin yolla Qacara çatdırır. Cavabın
məzmunu belə idi: "Bə'li,yaradan məni şüşəyə salıb. Ancaq bu şüşə sal
daşlardan tikilmiş qalanın içində yerləşir. "
Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə
səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə
heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın igid
müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq,
Gürcüstana yola düşür.
Qalanın müdafiəsində Vaqif özü də şəxsən
iştirak etmişdi. Onun şe'r yazan barmaqları silahla da davranmağı
bacarırdı. Şairin atıcılıq məharəti xalq arasında hətta rəvayətlər də
yaradıb. Deyirlər ki, bir erməni toyunda atıcılıq yarışı keçirilir və
bu yarışdan da Vaqif qalib çıxır. Vaqif hətta silaha bir müxəmməs də
həsr edib:
Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng
Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng...
Hər kim istər kim, vücüdi mə'rəkə ara gərək,
Kəndi zatından silahü əsləha ə'la gərək,
Gülləsilə xuni-ə'da tökməyə sövda gərək...
1796-cı ildə qraf V. Zubovun başçılıq
etdiyi rus qoşunları Şamaxıdan keçərək, Qarabağ sərhədlərinə gəlirlər.
İbrahim Xəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına
elçilər göndərir. Bu hey'ətə Vaqif və tanınmış Qarabağ əmirlərinin
oğlanları da daxil olurlar.
Səfarət geri dönərkən İbrahim Xəlil xanla
birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr
verirlər. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahim Xəlil
xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın
həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun
güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə ildə Q. A.
Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahim xanın
məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən
gələn bütün məktubları üstələyir. Rusiya hökmdarı öz favoritindən həmin
məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə
maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat edir. Yeni
imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd
şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları cəzalandırmaq
istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan
başlayır. Bu dəfə İbrahim Xəlil xan qalanı döyüşsüz təslim edir və öz
qohumları, yaxın adamları və kiçik dəstəsi ilə Azərbaycanın şimalına
qaçır. Lakin mə'lumdur ki, Vaqif, o vaxt xanın özü ilə götürdüyü
adamların içində olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir
həftə sonra onu tutub İbrahim Xəlil xanın qardaşı Məhəmməd Həsənbəyin
sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi.
Özünün mühasirə qüdrətinə görə şöhrət
qazanmış Şuşa qalasını İbrahim Xəlil xanın döyüşsüz təslim etməsi
tarixçilər tərəfindən xanlığın ağır iqtisadi vəziyyəti ilə izah olunur.
Burada il quraqlıq keçdiyindən qıtlıq hökm sürürdü. Vaqifin xanın
yanında olmaması müxtəlif cür yozulur. Bütün izahlar çoxsaylı suallar
doğurur. Şuşa alınmaz qala sayılırdı və İbrahim Xəlil xanın zəruri
ehtiyat toplayaraq, qalanın müdafiəsini təşkil etmək üçün xeyli vaxtı
vardı. Yox, əgər onun əvvəldən qalanı döyüşsüz təslim etmək fikri
vardısa da, bundan Vaqifin xəbəri olmalıydı. Çünki Vaqif onun ən yaxın
saray adamı idi və elə bu halda xan onu da özü ilə aparmalıydı. Lakin
belə olmur və bu da müxtəlif müəmmalarla səbəblənir.
Şairin şimala gedən xanın dəstəsinə daxil
olmamasını, göstərdiyimiz kimi, bir neçə cür izah edirlər. Yozumlardan
birinə görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və
geri qayıdan baş Ağa Məhəmməd şahın adamları onu həbs edirlər. Başqa
bir izaha görə, guya o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan
tərəfindən tutulub, Qacara təhvil verilir.
Başqa bir ehtimal da var ki, guya şəhər
hələ Qacara qədər İbrahim Xəlil xanın düşmənləri tərəfindən tutulubmuş
və Vaqif də şah gəlməmişdən əvvəl həbs olunubmuş. Qalanın döyüşsüz
təslim edilməsini də bununla izah etmək olar.
Bundan sonra daha müəmmalı hadisələr baş
verir. Məşhur tarixçi Mirzə Camalın (İbrahim Xəlil xan Şuşaya
qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına əsasən,
Vaqifi səhərə yaxın saraya gətirirlər və Ağa Məhəmməd şah tapşırır ki,
səhərisi gün onu e'dam etsinlər. Ən qəribəsi budur ki, Mirzə Camalın
yazdığına əsasən, elə həmin axşam o, hansısa günahlarına görə, dan yeri
söküləndə özünün də üç xidmətçisini e'dam etməg tapşırığı veribmiş.
Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun e'dam edəcəyi həmin
üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə
yetirirlər. Bu hadisə ilk baxışda çox sadədir, lakin bütün bunların
arxasında eyni ssenari dayanır.
Bir çox tarixçilər belə hssab edir ki, Ağa
Məhəmməd şaha qəsdi onun ya İrandakı müxalifətlə, ya da gürcü çarı II
İrakli ilə əlaqədar olan yaxın adamları təşkil etmişlər. Bu qətldə II
İraklinin iştirakını onunla izah edirlər ki, sui-qəsdi təşkil edənlər
arasında bir gürcü də olub. Hadisələrin bu cür yozumu adamları çoxdan
bəri düşündürən bu qaranlıq məsələyə bir aydınlıq gətirmiş olardı. Belə
ki, İbrahim Xəlil xan gürcü çarının yaxın müttəfiqi idi və əgər həmin
sui-qəsddə İraklinin əli varsa, demək, İbrahim Xəlil xan bu işə mütləq
qarışmalı idi. Belə götürdükdə Vaqifin Qarabağda qalma səbəbləri də
aydınlaşır. Ola bilsin ki, Vaqif İran şahı ilə mübarizəni təşkil etmək,
aralarında Qacarın yüksək mənsəbli adamları da olan qəsdçilərə
rəhbərlik etmək üçün qalıbmış. Tarixçilər həmin qəsdçilərdən biri kimi
məşhur sərkərdə və tanınmış Azərbaycan xanı Sadıq xan Şəqqaqini
göstərirlər. Qacarı Şuşaya müşaiyət edən bu sərkərdə həm Azərbaycan
xanları ilə, həm də İranda yaşayan gürcülərlə çox yaxın idi. Həmin
versiyanı bu fakt da sübut edə bilir ki, qəsddən sonra şahın üstündə
olan zinət şeyləri ona təhvil verilmişdi. Şahın ölümündən sonra
qoşunlar müxtəlif yollarla İrana qayıdır. Gürcüstana planlaşdırılan
yürüş baş tutmur. Ola bilsin ki, qəsdçilər öz üzərlərindən şübhəni
götürmək məqsədi ilə səhərisi gün asılmalı olan xidmətçilər haqda
versiyanı gücləndirmişlər. Şah öldürülən gecə Vaqifin davranışı da
həmin fikri təsdiqləyə bilir. Deyilənə görə, Vaqif həmin kecə səhərə
qədər bir neçə dəfə həbsxana rəisini yanına çağırtdırıb ondan şəhərdə
qeyri-adi hadisələrin baş verib-verməməsini soruşub.
İran şahının qətlindən dərhal sonra
Qarabağ xanlığının başına İbrahim Xəlil xanın yaxın qohumlarından olan
Məmməd bəy Cavanşir keçir. Belə görsənir ki, Vaqif xilas ola bilər.
Lakin belə olmur və birinci vəzirin azad edilməsindən az sonra Məmməd
bəy Cavanşir onu və oğlu Əli bəyi e'dam etdirir. Böyük sənətkarın e'dam
olunma səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur.
Danışırlar ki, qətl günü fərraşlar onları
xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından
soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar? Vaqif
cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar".
Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik
bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.
Buna baxmayaraq, Vaqifin ölümündən sonra
onun evi talan olunur, əlyazmaları yandırılır. Şairin şe'rlər "Divan"ı
da bu səbəbdən bizə gəlib çatmamışdır. İndi kitablarda nəşr olunan
şe'rlər isə şairin yaradıcılığının pərəstişkarları tərəfindən
bircə-bircə toplanmışdır. Onun şe'rləri aşıqların dilindən düşmürdü,
xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şe'rləri bə'zi
adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə
toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk
dəfə bu işi Mirzə Yusif Nersesov görür. 1856-cı ildə Teymurxanşurada
Vaqifin ilk kitabı basılır. Sonra estafet M. F. Axundova keçir. O, çox
zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir.
Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni
zamanda Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir
antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da
maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz
əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə
tez-tez istinad etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin
əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy
Vəzirov tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin
əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük
xidmətləri olub.
Vaqif yaradıcılığı təkcə azərbaycanlılar
arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur.
Mə'lumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası
ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şe'rləri yalnız
Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə
yazıya alınmışdır.
Vaqif şərq poeziyasının bütün klassik
formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad,
müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun
yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma
növündə yazılmış şe'rlər təşkil edir. Həmin şe'rlərin dili xalqın canlı
danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən
bacardıqca az istifadə etmişdir.
Vaqif aşıq mühitində böyümüşdü və kütlənin
zövq və təlabatını yaxşı bilirdi. Onun yaradıcılığında qoşmanın böyük
yer tutmasını da elə bununla bağlamaq olar. Məsələyə başqa tərəfdən
yanaşanda ehtimal etmək olar ki, "Divan"ı itdikdən sonra şairin yalnız
xalqın hafizəsində qalan şe'rləri yazıya alınıb. Bunlar isə əsas
e'tibarilə qoşmalar ola bilərdi. Orası da qeyd olunmalıdır ki, qoşmaya
aludəliyi Vaqifin klassik şe'r növlərində yazdığı əsərlərin dilinə və
üslubuna da müsbət tə'sir göstərib.
Vaqifin əsərlərindəki məhəbbət orta
əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin böyük əksəriyyətinin
şe'rlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz
əsərlərində həyat eşqini, mə'şuqəsinin gözəlliyini, hicranın acısını və
vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir.
Şair öz əsərlərinin bütöv bir qismini
Azərbaycan gözəllərinin təsvirinə həsr edib. Vaqif az qala bütün
şe'rlərində mə'şuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını,
əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir.
Bəlkə də bu şe'rlər bizə bir qədər yekrəng görünə bilər. Lakin nəzərə
almaq lazımdır ki, şairin müasirləri bu əsərləri tamamilə başqa cür
qəbul etmişlər. Kişinin, qadının sifətini görmək və onlarla sərbəst
şəkildə ünsiyyətə girmək imkanı olmayan müsəlman cəmiyyətində qadın
gözəlliyi daha tez və həssaslıqla anlaşılırdı. Bu mə'nada qadının
gözəllik əlamətlərini sadəcə sadalayan şe'rlər belə o zaman oxuculara
aşkarda görülməsi mümkün olmayan obrazları tam təsəvvür etmək imkanı
verirdi. O dövrün auditoriyasının emosionallıq dərəcəsi də bizimkindən
qat -qat yüksək idi. Bu fikri bir çox ədəbiyyatlarda təsvir olunan sufi
məclisləri də sübut edə bilər. Belə ki, həmin məclislərdə oxunan adi
sevgi şe'rləri də bə'zən dinləyiciləri bayıltmaq qüdrətinə malik
olurmuş. O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə
həssaslıqla qəbul edilməsi Vaqifin şe'rlərini dinləyənlərə ləzzət
verirdi. Çünki onlar şairin sənətkarlıq xüsusiyyətləri sayəsində öz
təsəvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-qamətli, iri,
badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı-kamallı
Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz poeziyasının
məqsədini elə bunda görürdü. Onun şe'rləri oxucuda obrazın həm xarici
görünüşünün həm də daxili dünyasının canlı təsəvvürünü yaradır.
|