Orxan
Pamuk "doğulduğu şəhərin melanxolik ruhunu axtararkən mədəniyyət
qovuşmalarını və çatışmalarını xarakterizə edən yeni simvollar kəşf
etdiyinə görə" 2006-cı ildə Nobel mükafatına layiq görülən ilk türk
yazıçısıdır. Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbulda anadan olub.
Üç il Nyu-Yorkda yaşamasını nəzərə almasaq, demək olar ki, bütün
həyatını elə İstanbulda keçirib. O, üç il İstanbul Texniki
Universitetində, paralel olaraq, İstanbul Universiteti nəzdindəki
Jurnalistika İnstitutunda təhsil alıb. Müntəzəm olaraq, 1974-cü ildən -
22 yaşından yazmağa başlayıb. Onun "Cövdət bəy və oğulları" adlı ilk
romanı 1979-cu ildə "Milliyet Press"in mükafatna layiq görülüb. 1982-ci
ildə eyni adla çap edilən bu kitab 1983-cü ildə Orxan Kamal adına
mükafat alıb. "Sakit ev" adlı ikinci romanına görə 1984-cü ildə
"Madarali Novel Prize" mükafatını qazanıb. "Ağ qəsr" adlı tarixi
romanı onu Türkiyənin hüdudlarından kənarda da tanıdıb. Onun "Qara
kitab"ı mürəkkəb, qarmaqarışıq, eyni zamanda dəbdəbəli yazı tərzinə,
stilinə görə, türk ədəbiyyatının ən mübahisəli və populyar əsəri olub.
1992-ci ildə O.Pamuk "Qara kitab" əsərinin motivləri əsasında "Yeni
həyat" adlı film ssenarisi yazıb. Filmi Türkiyənin görkəmli rejissoru
Omen Kavur ekranlaşdırıb. O.Pamukun "Mənim adım Qırmızı" romanı
Amerikada baş verən 11 sentyabr hadisələrindən bir həftə əvvəl satışa
çıxarılıb. Yazıçı özü burada kədərli bir ironiya görür. Belə ki, bu
əsərdə söhbət məhz elə iki sivilizasiyanın - İslamla Qərbin
toqquşmasından gedir. Bu romana görə 2003-cü il iyunun 14-də Pamuka ən
sanballı ədəbi mükafatlardan biri - IMPAC Beynəlxalq Dublin mükafatı
təqdim edilib. Bu, ədəbiyyat sahəsində maliyyə baxımından ən sanballı -
100 min avro dəyərində mükafatlardan biridir