Kafka, Heminquey, Palanik, Oruel...
Platon deyirmiş ki, əl yazısına əsasən insanın xarakterini müəyyən edə bilir. Bir gün bir qadın Platonun yanında onun özünün uşaq vaxtı yazdığı yazını gətirir. Platon yazıya baxıb deyir: bu çox axmaq adamdır, özünü çox savadlı göstərir, amma əslində elə deyil. Qadın da qayıdıb deyir ki, bu elə sizin öz yazınızdır.
Psixoloqlar bu cür xarakter təhlilini yazıçıların əl yazıları üzərində aparıblar. Əlyazmalara əsasən tanınmış yazıçıların xarakterini müəyyən edə biliblər.
Kulis.az onlardan bəzilərini təqdim edir.
Borxesin dəftəri
Xəttin yuxarı doğru qalxması onun özünə güvənən, müstəqil xarakterli olmasını göstərir. Hərflərin xırda olması isə ağıllı, həm də təvazökarlığından xəbər verir. Bu xəttə əsasən psixoloqlar Borxes haqda həmçinin bunları deyir: o diqqətini cəmləməyi, həyatdan zövq almağı bacarır, amma qapalı adamdır. Hərflərin aşağı çıxıntılarının çubuq kimi olması onun əziyyətə dözümlü olmasını və işini dərhal həll etmək istəyən biri olduğunu göstərir.
Heminquey
Onun sətir aralarında buraxdığı boşluqlar səliqəli düşünməyi sevməsini və öz işinə çox rahatlıqla uyğunlaşdığını göstərir. Borxes kimi onun da həyatdan zövq almağı sevən adam olduğunu göstərir.
Çak Palanik
Çak Palanikin sətirlərinin qarışıqlığı onun dağınıq düşünən və təşkilati qabiliyyəti olmayan biri olmasına işarədir. "Döyüş klubu” romanının müəllifinin xəttinə əsasən psixoloqlar onun praktik zəkaya sahib olan, həyatın əllə toxunulması mümkün olan tərəflərini kəşf edən bir adam olduğunu söyləyirlər. Yazıları onun parçalanmış düşüncə sisteminə malik olduğunu və başqaları ilə ünsiyyət qurmaqda çətinlik çəkdiyini göstərir. Çox güman ki, Palanik sosial münasibətlərdə soyuq və hissiyatsızdır.
Franz Kafka "Proses”i
Kafkanın hərflərinin şaquli və sola meylli olması onun utanan, soyuq, qapalı birisi olmasından xəbər verir. Xəttinin enişli-yoxuşlu olması isə onun yuxusuz qalmasını, az yatmasını göstərir.
Frensis Skott Fitscerald
Səhifənin solunda buraxdığı boşluqlar onun gələcəyinə bağlı, ehtiraslı və sosial xarakterli olmasını göstərir. Sağda buraxdığı hecalar onun keçmişinə bağlı, yaxşı işlər üçün işləyən, qapalı təbiətə malik birisi olduğunu götərir. Göründüyü kimi Fitscerald ziddiyyətli xarakterə malik yazıçı olub. Yazısının dalğalı olması onun yorğunluğundan xəbər verir.
Corc Oruelin "1984ӟ
Oruelin "1984”ü optimizmi ifadə edən böyük hərflərlə yazılıb. "G” kimi quyruqlu hərflərin quyruğunu qısaltması fiziki işlərdən zəhləsi getdiyini göstərir. Yəqin ki, tənbəl idi və harasa çəkilib rahatca öz yazısını yazırdı. Oruelin xəttinə əsasən psixoloqlar onun nizam-intizamı sevən, analitik təffəkkürə sahib olan, amma narahat xarakterə malik olduğunu deyirlər. Oruelin problemə bir neçə prizmadan yanaşması onun idarəetmə qabiliyyətinin mövcudluğunu göstərir.
|