Ariflərdən biri öz şagirdi ilə birlikdə qayıqda gedirdi. Şagird
nəsə ağıllı bir söz deyib ustadın xoşuna gəlmək istəyir. Bu
məqsədlə xeyli fəkirləşdikdən sonra qayığın dibini göstərib deyir:
- İndi ölümlə aramızda cəmi bir taxta parçası qədər məsafə vardır.
Arif ləngimədən ona cavab verir:
- Bir saat əvvəl quruda gəzdiyimiz zaman heç bu məsafə də yox idi.
****
Harun ər-Rəşidin müasiri olan məşhur arif İbn Səmmak bir gün
onun yanına gəlmişdi. Harun var-dövləti, hökuməti ilə fəxr
edərək öyünür. Bu zaman içmək
üçün onlara su gətirirlər. Harun su qədəhini əlinə
götürüb içmək istəyəndə İbn Səmmak soruşur:
«Ey xəlifə, əgər susuzluqdan ölmək halına gəlib
çatsan və bir qurtum suyun əvəzində xilafətin yarısını səndən
tələb etsələr, verərsənmi?». Harun bir az fikirləşib cavab verir:
«Bəli, verərəm».
Xəlifə suyu içəndən sonra
İbn Səmmak bu sualı verir: «Bəs, əgər içdiyin su mədəndə
qalsa və çölə çıxmasa, səni müalicə etmək və
sudan azad etmək üçün xilafətin o biri yarısını
istəsələr, verərsənmi?». Harun yenə deyir: «Əlbəttə,
verərəm». Bu zaman İbn Səmmak söyləyir: «Sənin
xilafətinin qiyməti məlum oldu. Xilafət bir qurtum suyun
içilməsi və ifraz olunması qədər dəyərə malikdir. Əgər
belədirsə, onun uğrunda bu qədər hərislik göstərməyə
dəyərmi?!».
****
Nəsrəddin Tusi Elxanilərin
vəziri olduğu zaman bir gün məşhur təfsirçi Qazi Beyzavi
onun yaşadığı şəhərə qonaq gəlir. Görüşdən sonra Xacə Tusi
Qazini yola salmağa çıxır. Qazi atına minmək istəyəndə Tusi onun
atının üzəngisini tutub minməsinə kömək edir. Camaat bu
hərəkətin səbəbini soruşanda alim belə cavab verir: «İnsan bəzən
öz təkəbbürünü məhv edib, mənəmliyini sındıran
əməllər etməlidir. Mən də neçə vaxt idi ki,
təkəbbürümü sındırmaq istəyirdim. Ətrafa baxıb bu iş
üçün Qazi Beyzavini ən layiqli
gördüm».
****
Bir gün Abbasi
xəlifəsi Mənsur Dəvaniqi öz vəziri Rəbi ibn Yunisə deyir:
«Əgər ölüm olmasaydı, dünya nə qədər gözəl
olardı!». Rəbi etiraz edib söyləyir: «Elə
dünyanın bütün xeyri-mənfəəti
ölümdədir». Xəlifə heyrətlə soruşur: «Nə
danışırsan?». Vəzir belə izah edir: «Əgər ölüm
olmasaydı, sən bu gün xəlifə olmazdın. (Yəni səndən əvvəlki xəlifə
ölməsəydi, hakimiyyət sənə yetişməzdi)».