Ermənistanın Müdafiə Nazirliyi, cəbhə xəttinin Ağdam istiqamətində erməni hərbçisinin və bir mülki şəxsin ölümüylə bağlı məlumat yayıb. News-Armeniya xəbər saytı Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verib ki, yanvarın 26-sı axşam saat 17.30 radələrində erməni hərbçiləri Azərbaycan Ordusunun mövqelərinə doğru hərəkət edərkən milli ordunun əsgərləri onlara atəş açıb. Nəticədə 1983-cü il təvəllüdlü mülki şəxs Bad Tedovasyan və 26 yaşlı sıravi Arkadi Akopyan həlak olublar. Ermənistan Müdafiə Nazirliyi meyidlərdən birinin Azərbaycan Ordusunun nəzarətindəki ərazidə qaldığını da bildirib. Ermənistan Müdafiə Nazirliyi mülki şəxsin ruhi xəstə olduğunu və hadisə baş verərkən sərxoş olduğunu iddia edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bir gün öncə yaydığı məlumata görə, yanvarın 26-sı saat 19 radələrində Ermənistan ordusu Ağdamın Cəvahirli kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücum edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun sözlərinə görə, düşmən ilk hərəkətindən artıq nəzarət altına götürülüb. «Onların hər bir vəziyyəti izlənilib. Düşmən bir az da yaxına buraxıldıqdan sonra Azərbaycan əsgəri atəşə başlayıb. Bir saata yaxın gedən döyüş nəticəsində düşmən üç itki və bir necə yaralı verərək geri çəkilib. Azərbaycan Ordusu heç bir itkiyə məruz qalmayıb». E. Sabiroğlunun sözlərinə görə, hazırda təmas xəttinin yaxınlığında düşmənin bir meyiti qalıb. Qalan meyit və yaralıları ermənilər apara biliblər
|