14:49 09-08-2008 Mixail Saakaşvili: "Rusiya Gürcüstana təcavüz etmək üçün uzunmüddətli hazırlıq görüb"
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə hərbi vəziyyət elan
edilməsi ilə bağlı fərman imzalayıb. Lent.az-ın Gürcüstan KİV-nə
istinadən xəbərinə görə, bu barədə o, Milli Təhlükəsizlik Şurasının
iclasında çıxışında bildirib.
Saakaşvili qeyd edib ki, fərman təsdiqlənmək üçün parlamentə göndərilib. Hazırda parlamentin fövqəladə iclası keçirilir.
Prezident hazırda Gürcüstanın Rusiya tərəfindən təcavüz aktı ilə
üzləşdiyini söyləyib: “Bu təcavüz özünü təkcə Cənubi Osetiyada deyil,
həm də Abxaziya və Gürcüstanın Qara dəniz donanmasına münasibətdə də
özünü göstərir. Rusiya Hərbi Hava və Hərbi Dəniz Qüvvələrindən istifadə
etməklə və irimiqyaslı quru əməliyyatı keçirməklə ərazi bütövlüyümüzə
təcavüz edir”.
Saakaşvili Kremli Gürcüstana təcavüz etmək üçün uzunmüddətli hazırlıq
gördüyünü bəyan edib. O, Rusiyanın Cənubi Osetiyada baş verənlərlə
bağlı əhali arasında dezinformasiya yaymağa çalışdığını deyərək, MTŞ
üzvlərinə jurnalistlərlə aktiv işləməyi və ölkədə baş verələr haqda
obyektiv informasiya verməyi tapşırıb.