Belqradda «Avroviziya-2008» mahnı müsabiqəsinin finalı başa çatıb. Rusiya təmsilçisi Dima Bilan «Avroviziya-2008» müsabiqəsinin qalibi oldu. Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə isə müsabiqədə 8-ci yeri tutub.
Birinci yer uğrunda 25 iştirakçı mübarizə aparıb. Televiziya tamaşaçıları və milli münsiflər tərəfindən seçilmiş finalçılar bunlar idi:Kalomira (Yunanıstan), Niko və Vlad dueti (Rumıniya ), Laka (Bosniya və Herseqovina), "Terasbetoni" rok qrupu (Finlandiya), Boaz (İsrail), Siruşo (Ermənistan), Elnur və Samir dueti (Azərbaycan), Ayzis Ci (Polşa), Mariya (Norveç), Ani Lorak (Ukrayna), "Kraljevi ulice & 75 cent" (Xorvatiya), Olta Boka (Albaniya), "Euroband" dueti (İslandiya), Diana Qurtskaya (Gürcüstan), Saymon Metyu (İsveçrə), Şarlott Perrelli (İsveç), "Pirates of the Sea" (Latviya), "Mor ve Ötesi" qrupu (Türkiyə), Vania Fernandes (Portuqaliya), Sebastyan Teller (Fransa), Andi Abraham (Böyük Britaniya), "No Angels" qrupu (Almaniya), Yelena Tomaşeviç (Serbiya). Azərbaycan, Elnur Hüseynov və Samir Cavadzadənin oxuduğu, sözləri Zəhra Bədəlbəyli, musiqisi Gövhər Həsənzadəyə məxsus olan «Day after day» mahnısı ilə təmsil olunub. Həmyerlilərimizin çıxış sırası 20-ci idi.
Belqrad müsabiqəsinin təşkilatçıları bir neçə rekorda imza atıb: ilk dəfə «Avroviziya»da 43 ölkə iştirak edir, Belqraddan 3500 jurnalist reportaj verib. İTAR-TASS-ın məlumatına görə, Serbiya paytaxtındakı festivalın 18 min qonaq olub. Müqayisə üçün qeyd edək ki, «Avroviziya-2007»-nin 15 min tamaşaçısı olub.
|