Azərbaycanı bu müsabiqədə təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə ümumi hesabda 132 bal toplayaraq 43 ölkə sırasında 8-ci yeri tutub.
Türkiyə və Macarıstan tamaşaçıları təmsilçilərimizin çıxışlarını ən yüksək 12 balla dəyərləndiriblər. Rusiya, Ukrayna və Çexiya tamaşaçıları isə azərbaycanlı duetin iştirakını 10 balla dəyərləndirib. Ümumilikdə səsvermədə iştirak edən 43 ölkədən 21-i Azərbaycan təmsilçilərinin iştirakını qiymətləndiriblər. Yuxarıda adları qeyd olunan ölkələrdən başqa Makedoniya (8 bal), Belarus (8 bal), Moldova (8 bal), Belçika (7 bal), Litva (7 bal), Polşa (7 bal), Gürcüstan (7 bal), Andorra (7 bal), Latviya (4 bal), İsrail (3 bal), Yunanıstan (3 bal), Bolqarıstan (3 bal), Rumıniya (2 bal), Hollandiya (2 bal), Almaniya (1 bal) və Sloveniya (1 bal) seyrçiləri də Azərbaycan təmsilçilərinə səs veriblər. Ümumi səsvermənin nəticələrinə görə, Rusiya təmsilçisi Dima Bilan 272 balla “Eurovision-2008” müsabiqəsinin qalibi olub. Yarışmanın favoritlərindən Ukrayna təmsilçisi Ani Lorak ikinci (230 bal), Yunanıstan təmsilçisi Kalomira isə üçüncü olub (218 bal). Azərbaycan seyrçiləri bu yarışmada ən yüksək səsi Türkiyənin “Mor və ötəsi” qrupuna veriblər. Bundan başqa Ukrayna (10 bal), Rusiya (8 bal), İsrail (7 bal), Yunanıstan (6 bal), Norveç (5 bal), Gürcüstan (4 bal), Bosniya-Herseqovina (3 bal), Serbiya (2 bal) və Albaniya (1 bal) təmsilçilərinin çıxışları da seyrçilərimizin ürəyincə olub. Gözlənildiyi kimi, final mərhələsində Azərbaycan və Ermənistan tamaşaçıları bir-birilərinin təmsilçilərinə səs verməyiblər.
|