Azərbaycanda "Limuzin", "Cip" və "Pejo" istehsal ediləcək.
«Əgər sifarişlər çox olsa onda avtomobillərin kütləvi yığımına başlanıla bilər»
İlin sonuna qədər Şamaxıda dünyanın məşhur markalarından olan
"Limuzin", "Cip" və "Pejolar" buraxılacaq. Artıq ilk limuzinlərin
nümunəsi hazırdır. Bu barədə ANS TV-yə Şamaxı avtomobil zavodunun
müdiri Oqtay Nəbiyev məlumat verib. O bildirib ki, yeni model yalnız
sifarişlə yığılacaq: «Əgər sifarişlər çox olsa onda avtomobillərin
kütləvi yığımına başlanıla bilər».
O.Nəbiyevin sözlərinə görə,
istehsal zamanı ən yeni texnologiyalar tətbiq olunacaq: «Bu
avtomobillərin üstünlükləri var. Danışan komputerlə təchiz olunur,
sürücüyə hər zaman xəbərdarlıq edir və sair. Bizim yollara uyğundur.
Zərbəyə davamlıdır».
Qeyd edək ki, Şamaxıda buraxılacaq
limuzinlər 30 min manata satılacaq. Amma zavod rəhbərliyi bildirib ki,
burada buraxılan avtomobillər xarici modellərlə müqayisədə xeyli
ucuzdur: «Həm də əhalinin gəlirləri nəzərə alınaraq maşınlar faizsiz
kreditlə satılacaq. Maşınlar 3, 5, 8 illik kreditlə veriləcək.
İndi müəssisədə gündə 15-ə qədər "Azsamand" markalı avtomobillər
yığılır. Bu maşınların satış qiyməti 14-15 min dollardır. İlin sonuna
qədər "Pejo" və "Cip" markalı avtomobillər də buraxılacaq. Bu
maşınların qiyməti ehtiyat hissələrindən asılı olacaq. Gələcəkdə
maşınların istehsal xərcləri də azaldılacaq. Çünki indi ehtiyat
hissələrinin əksəriyyəti xaricdən gətirilir. Qarşıdakı 2-3 ildə isə
avtomobillərin ehtiyat hissələri Azərbaycanda yığılacaq./ANS TV/
|