İngiltərənin “The İndependent” qəzeti dünyanın ən möhtəşəm şəhərlərinin siyahısını açıqlayıb.
Siyahıya 61 xalla İngiltərənin paytaxtı London başçılıq edir. İlk beşliyi müvafiq olaraq Nyu York (ABŞ), Paris (Fransa), Tokio (Yaponiya) və Çikaqo (ABŞ) tamamlayır. İstanbul isə 25 xalla 25-ci yerdə qərarlaşıb. Türkiyənin yeganə təmsilçisini Sidney (Avstraliya) və Kopenhagen (Danimarka) kimi inkişaf etmiş şəhərlər izləyir. Körfəz ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərini siyahıda iki şəhər - Əbu-Dabi və Dubay təmsil edir. Qonşu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da sıralamada yer alan metropolislərdəndir. Siyahıda inkişaf etmiş şəhərlərdən Pekin (Çin) 16-cı, Moskva (Rusiya) 17-ci, Şanxay (Çin) 22-ci, Dehli (Hindistan) 29-cu, Qahirə (Misir) 35-ci, Laqos (Nigeriya) 54-cü, Əddis-Əbəbə (Efiopiya) 60-cı yerdə qərarlaşıb. Siyahıya əsasən Nyu York Şimali Amerikanın, Paris Avropanın, Tokio Asiyanın, Yohannesburq (Cənubi Afrika Respublikası) Afrikanın, Mexiko (Meksika) Latın Amerikasının, Sidney Cənub yarımkürəsinin, Dubay isə Yaxın Şərqin baş şəhəri seçilib. Hesabatla bağlı verilən açıqlamaya görə, siyahı aylarla davam edən araşdırmalara əsasən müəyyənləşdirilib. Burada əhalinin sayı, yaşayış tərzi və səviyyəsi, şəhərin inkişaf tempi, təmizliyi, arxitekturası ilə bağlı 14 kriteriya nəzərə alınıb. Şəhərlərin sıralamasının müəyyənləşdirilməsində bu sahə üzrə ixtisaslaşmış təşkilatların xidmətindən, minlərlə kitabdan və internet materiallarından istifadə olunub. Araşdırmalar zamanı həftəlik beynəlxalq uçuşların sayı, şəhərdəki metro şəbəkəsinin uzunluğu, simfonik orkestrlərin sayı, “Google”da şəhərin adı ilə bağlı neçə elektron səhifənin olması, milli restoranların sayı, şəhərdə olimpiya oyunlarının neçə dəfə keçirilməsi və s. nəzərə alınıb. Siyahıda Kəraçi (Pakistan), Tehran (İran), Cakarta (İndenoziya) kimi metropolislərin yer almamasına səbəb kimi isə bu şəhərlərin turizm mərkəzi kimi turistləri cəlb etməməsi göstərilib.