Konstitusiya Məhkəməsi mane olmasa, Türkiyədə tələbələr dərsə baş örtüyüTürkiyə prezidenti Abdullah Gül universitetlərdə baş örtüyü qadağasının götürülməsinə imkan verən Konstitusiya düzəlişlərini imzalayıb. Düzəlişlər təqribən 10 gün əvvəl Türkiyə parlamentində AKP və MHP-nin dəstəyi ilə qəbul edilmişdi. Bu düzəlişlərə görə, vətəndaşların təhsil almaq hüququ baş örtüsü ilə bağlı məhdudlaşdırıla bilməz. Abdullah Gülün adından yayılan yazılı açıqlamada deyilir ki, bu dəyişikliklər Türkiyə cümhuriyyətinin təməl dəyərlərinə zidd deyil və onların tətbiqi cəmiyyətdəki narahatlıqların aradan qaldırılması baxımından vacibdir. Prezident hesab edir ki, Konstitusiyanın iki maddəsinə edilən dəyişikliklər həmin maddələri əslində dəyişdirmir, daha izahlı şəkildə təsnif edir. “Düzəlişlər parlamentdəki yerlərin 80 faizinə nəzarət edən partiyalar tərəfindən qəbul edilib. Müxtəlif ictimai rəy sorğuları da cəmiyyətin bu problemin aradan qaldırılmasını istədiyini göstərir”- deyə açıqlamada bildirilir. Gül bəyan edir ki, 11 gün ərzində məsələni hüquqşünaslarla və ekspertlərlə müzakirə edib, yalnız bundan sonra düzəlişləri imzalamağı qərara alıb. Prezident tövsiyə edib ki, bu düzəlişin həyata keçirilməsi ilə bağlı bütün narahatlıqlar nəzərə alınmalı və məsələ həssaslıqla nəzərdən keçirilməlidir. Gülün imzalamasından sonra düzəlişlər rəsmi qəzetdə dərc edilib və bununla da qüvvəyə minib. Lakin düzəlişlərə qarşı çıxan ana müxalifət partiyası CHP öz hüququndan istifadə edərək onun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək. Əgər Konstitusiya Məhkəməsi düzəlişləri ləğv etsə, avtomatik olaraq qüvvədən düşəcək. Əks halda tələbələr dərslərə baş örtüyü ilə girə biləcəklər. Doğrudur, baş örtüyünün formasının müəyyən edilməsi ilə bağlı ölkənin Ali Təhsil qanununda da dəyişiklik edilməlidir. MHP və AKP arasında əvvəlcədən əldə edilmiş anlaşmaya görə, qızlar başlarını çənələrinin altından bağlamaqla dərsə girə bilərdilər. Lakin dindar çevrələr baş örtüyünün bu formasının islam dininə uyğun olmadığını və hicabın klassik formasının tətbiqini istəyirlər. Bu baxımdan məsələ hələ açıq qalır. MHP isə bəyan edir ki, AKP əldə edilmiş razılaşmaya əməl etməlidir. Xatırladaq ki, universitetlərdə baş örtüyü qadağasının götürülməsi məsələsi Türkiyədə ziddiyyətlər yaradıb. Cəmiyyətin bir çox kəsimləri bunu dünyəvi dövlət prinsiplərinə təhlükə hesab edirlər.
|