2008-02-07
Özünün eksklüziv idman modelləri ilə məşhur olan Spyker şirkəti ilk dəfə ofrouder istehsal etməyə hazırlaşır. Xüsusi olaraq bu avtomobil üçün hollandlar yeni ad da fikirləşiblər: SSUV (Super Sport Utility Vehicle).
Yeni avtomobilin öz sinfində ən bahalı avtomobillərdən biri (bəlkə də ən bahalısı) olacağı gözlənilir.
O, öz sinfinə mənsub olan digər avtomobillər üçün əlçatmaz xəyal olan komponentlərlə təchiz olunacaq.
Yeni model tam ötürücülü dördyerlik ofrouder şəklində hazırlanacaq. Onun kapotunun altında Volkswagen-nin istehsal etdiyi 6.0 litr həcmə və 500 at gücünə malik W12 aqreqatı quraşdırılacaq. Bu mühərrik uzunluğu 5 metr və çəkisi 2 ton olan iri avtomobili cəmi 5 saniyəyə 100 km/saat sürətlə qovmağa qadir olacaq. Bu aqreqatla avtomobilin maksimal sürəti isə 295 km/saat təşkil edəcək. Yeni mühərrik 6 pilləli avtomat transmissiya ilə təchiz olunacaq.
Təmtəraqlı ofrouder əla texniki xarakteristikaları ilə yanaşı, qeyri-adi xarici görünüşü ilə də seçiləcək. Tənzimlənə bilən hündür asqı ilə təchiz olunacaq ofrouder iriölçülü idman kupesinə bənzəyəcək. Avtomobilin arxa qapıları hərəkət istiqamətinin əksinə doğru açılacaq. Bu avtomobili alanlar isə mərkəzi dayaq anlayışını, ümumiyyətlə, unudacaqlar. Salonda dörd ayrıca idman kreslosu quraşdırılacaq. Spidometr və taxometr kimi cihazların göstəricilərini təkcə sürücü deyil, sərnişinlər də müşahidə edə biləcəklər: bunun üçün ön tərəfdə fərdi, arxa tərəfdə isə iki nəfərlik dəst nəzərdə tutulub. Avtomobilin interyeri Spyker şirkətinin ənənələrinə uyğun olaraq təbii dəri və alüminiumla işlənəcək.
Spyker avtomobillərinin alınması proseduru çox maraqlıdır. Əvvəlcə müştəri növbəyə dayanmalıdır. Bu növbənin müddəti iki il sürə bilər. Sonra müştəri İnternetdə şəxsi nömrə və fərdi səhifə alacaq. O, İnternet vasitəsilə avtomobilinin hazırlanması prosesini izləmək imkanı əldə edəcək.
Bu model Cayenne avtomobilinin nüfuzundan bezən və yenilik axtaran alıcılar üçün nəzərdə tutulub.
Yeni Spyker D12 avtomobili 2009-cu ildə yığılmağa başlanacaq. Hollandiyalı istehsalçı hələlik avtomobilin qiymətini məxfi saxlayır, amma ekspertlər onun 300 000 ABŞ dollarına yaxın olacağını ehtimal edirlər. /avtomobil.az