Mükafat qaliblərindən biri britaniyalı Martin Evans olub
İki amerikalı və bir britaniyalı alim bu ilin tibb sahəsi üzrə Nobel mükafatının qalibləri olublar. Onlar gen texnologiyaları üzrə araşdırma işlərinin müəllifləridirlər. Amerikalı Mario Kapekki, Oliver Smis və britaniyalı Martin Evans gene targeting adlanan texnikanı icad ediblər. Gene targeting genin hədəfə alınaraq söndürülməsi deməkdir. Bu texnologiyadan istifadə etməklə alimlər istədikləri geni "söndürərək" onu öyrənə bilərlər. Bu yolla genetiklər siçanlarda bir çox insan xəstəliklərini yarada biliblər. Bu onlara həmin xəstəliklərin yaranması səbəblərini öyrənməyə imkan verib. Yeni metod vasitəsilə genlərin funksiyasını və xeyrini daha dəqiqliyi ilə öyrənmək mümkündür "Siçanlarda genin hədəfə alınaraq "söndürülməsi" biotibb sahəsində geniş yayılıb." Nobel komitəsi amerikalı və britaniyalı alimlərin icad etdiyi bu texnologiyanın xərçəng və ürək xəstəlikləri ilə mübarizədə istifadə edilə biləcəyini dəqiqləşdirməklə məşğuldur. Bununla yanaşı bu texnologiya orqanizmin qocalması və bətndəki körpənin inkişafına dair müəyyən suallara cavab tapmağa yardım edə bilər. İndi alimlər 10 000 geni " söndürə" bilərlər. Bu isə təxminən bütün genlərin demək olar ki, yarısıdır. Alimlər hesab edirlər ki, yaxın vaxtlarda onlar qalan genlərlə də eyni şeyi edə biləcəklər. Bu metod vasitəsilə siçanlarda 500 insan xəstəliyini yaratmaq mümkün olub. Buraya ürək, xərçəng və şəkər xəstəlikləri də daxildir. Mükafatı alan üç alim 1.54 milyon dollar dəyərindəki məbləği aralarında bölüşdürəcəklər.