Bəxtiyar Vahabzadə: "Zorla alınan torpaq xoşluqla qaytarıla bilməz". - 20 February 2009 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2016-12-05, 12.28MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Fevral » 20 » Bəxtiyar Vahabzadə: "Zorla alınan torpaq xoşluqla qaytarıla bilməz".
Bəxtiyar Vahabzadə: "Zorla alınan torpaq xoşluqla qaytarıla bilməz".
20.50
Böyük şair ANS-dən xahiş etmişdi ki, bu müsahibə ölümündən sonra efirə verilsin.

- Özünüzü necə hiss edirsiniz?
- Çox sağ olun. Əlbəttə, əvvəlkilərə nisbətən xeyli irəliləyiş var. Mənim həkimlərim başda professor Əlişir Musayev olmaqla hamısı deyir ki, yavaş-yavaş, tədricən hər şey yerinə düşəcək. Mən də onu gözləyirəm.

- Şəhərdə yaxşı hiss edirsiniz özünüzü, yoxsa kənddə?
- Əlbəttə ki, şəhər bir az çətindir. Bağda qaldım bir qədər. Nisbətən bağ təsir etdi. Bir həftədir Şəkidəyəm. Amma bir məsələ var. Şəkinin hündürlüyü dəniz səviyyəsindən yuxarıdır. Hündürlük dəniz səviyyəsindən yuxarıda olanda təzyiq çoxalır. Ona görə də Şəkinin yuxarı hissələrinə gedə bilmirəm. Çünki yuxarı hissələrə getmək çətindir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca təzyiq qalxır. Təzyiqə dözmək çətindir.

- Təzyiqə dözmək çətindir. Bunu Bəxtiyardan eşitmək bir az təccüblüdür. Bəxtiyar Vahabzadə- təzyiqə dözmək. Sizin bütün ömrünütəzyiqə dözməkdən ibarətdir...
- Bütün ömrüm təzyiq olub, amma can dözmür daha. İnsan poladdan olsa belə, çətindir, çox çətindir.

- Bilirdinizmi bu boyda şair olacaqsınız?
- Vallah, mən onu dərk etmirəm. Mən yubileylə əlaqədar məqalələr oxuyuram, hamısı yüksək sözlər deyirlər, çox sağ olsunlar. Amma mən özümdə böyüklük hiss etmirəm. Mən çox adi bir şairəm. Əlbəttə ki, o dahilər ki, mən oxumuşam, Füzulidən, Nizami, Nəsimi, Sabir... Mən onlar haqda yazmışam. Onların qarşısında biz çox cüziyik.

- Siz ruhla yazırsınız, ürəklə yazırsınız, yoxsa beyinlə?
- Onu insan bilmir. Ancaq mən biləndirsə, bilirəm ki, ruhla, həyəcanla, hisslə. Ədəbiyyat, sənət hissin övladıdır. Elm isə beynin. Əlbəttə psixoloq kimi xırdalıqlarını deyə bilmərəm. Ancaq onu bilirəm ki, həyəcanlı anlarımda əlimə qələm alanda yazı prosesində hiss edirəm ki, bu, həyəcanlı oldu, gözəl oldu, hissi oldu.

- Ruh sizin üçün nədir?
- Ruh məsələsi çox mürəkkəb məsələdir. Amma onun varlığına zərrə qədər şübhəm yoxdur. Onu dərk etmək çox çətin məsələdir. Qurani Kərimdə də bu barədə var, ruh rəbbimin əmrindədir. Onu o kişi bilər, onun ixtiyarındadır. Yer bəndəsi, insan onu dərk edə bilməz. Mən hələ bilmirəm ki, peyğəmbərlər İsa, Musa, Məhəmməd Peyğəmbər onu dərk edibmi? Amma hər halda hiss olunur ki, onlarda qığılcımlar var. Mən uzun illər Cəlaləddin Rumi ilə məşğul oldum, onun məsnəvisini və onun haqqında yazılanları oxudum. Əlbəttə ki bu, çox çətin məsələdir. Bizom ali məktəblərdə, niyə Calaləddin Rumi keçirilmir? Niyə biz üzdən didirik hər şeyi?

- Sizi Sufiliyə ilk növbədə nə cəlb edir?
- İlk növbədə təkamül, mənəvi təkamül. Şeir oxuyardım bir balaca. İstəmişəm ki, balaca şeirdə başa düşdüyüm şəkildə təsəvvüfün mənasını açıqlayım. Təsəvvüfün mənası belədir: Birinci şərt şəriətdir- şəriətin bütün qayda qanunlarını həyata keçirmək. İkinci təriqətdir, təriqət yol deməkdir. Sən düşürsən bir cığıra, yola, o zaman sənin mürşüdün, müəllimin olmalıdır. Sən olursan mürid. Üçüncüsü mərifət, yəni mərifətə, müəyyən bir pilləyə çatırsan və dördüncü həqiqətdir, mütləq həqiqəti dərk edirsən. Yəni Allahı dərk edirsən. Bu, bir təkamüldür. Ona görə mən deyirəm ki, hər kəsin ürəyindən Allaha bir yol gedir.

Hər kəsin ürəyindən Allaha bir yol gedir,
Bu yola biganələr özünə biganədir.
Özünü açmaq üçün, haqqa ulaşmaq üçün,
Gərək öncə aşasan nəfs adlı dağları.

Bu işdə insana birinci mane olan nəfsdir. Böyük adamlardan biri deyib: «Allahım, sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul eləmə. İnsanın başına nə qədər bəla gəlirsə, nəfsdən gəlir. İnsan nəfsini öldürə bilsə, yüksəlir, ucalır, mənən ucalır, qəlbən ucalır.

Gərək öncə aşasan nəfs adlı dağları,
Şəriət bir ağacsa, təriqət budaqları,
Mərifət yarpaqları, həqiqət meyvəsidir,
Təsəvvüf haqq səsidir.


Təsəvvüf bizi haqqı dərk etməyə aparır. Hamı bu yolu gedə bilməz. Hamı dörd pillədən keçə bilməz. Çox böyük dahilər olub keçiblər, yarıda dayanıblar, ən böyük dahilər də axıradək keçiblər. Bu adamlar öz gözlərilə, bəsirət gözlərilə Allahı görüblər, dərk ediblər. Yəni bunun mənası budur ki, özünü dərk et, özünü öyrən. Özünü dərk etsən, Allahı dərk edərsən. Burada qarışıq məsələlər çoxdur.

- Dediniz təsəvvüf dörd mərhələdir və dörd mərhələni kimlərsə keçiblər. Axıracan keçənlər olur dahi. Özünüz hansı mərhələyə qədər gəlib çatmısınız? Hamısını keçə bilmisiniz?
- Yox, keçə bilməmişəm. Mərifət astanasına qədər gəlmişəm, yəni müəyyən qədər. Müəyyən qədər dərk etmişəm. Əlbəttə ki, dahiləri oxuya-oxuya- Cəlaləddin Rumini, Füzulini. Füzuliyə tam təriqət şairi demək olmaz, tam sufi şair demək olmaz. Amma o, yaradıcılığının qüvvəsi ilə onun astanasına gəldi, xeyli gəldi. Ona görə də ədəbiyyat tarixində çox zaman bir qismi deyir Füzuli təriqət şairidir.

- Azərbaycanlı olmaq çətindir, yoxsa müsəlman olmaq və ya insan olmaq? Bunları mərhələlərə bölsək, hansı daha çətindir?
- Əlbəttə ki, birinci insandır. Tam mənada insan, öz şəxsi mənafeyindən yuxarı qalxan insan tapmaq lazımdır. İnsan olmaq uğrunda mübarizə aparmaq lazımdır. Hamımızda nəfsin əlamətləri var, birimizdə bir az çox, birimizdə bir qədər az. Nəfs insanı daxilən mənəvi inkişafa qoymur. Nəfsini öldürə bilən ən böyük adamdır. Bir atalar sözü var: «Ən böyük, ən güclü pəhləvan özünü yıxandır». İnsan gərək bütün ömrü boyu özü ilə mübarizə aparsın. İnsan ikiləşir. Bax, bu addımı atmaq istəyəndə mütləq düşünürük edim etməyim? Bu, hamıda mütləq var , hamı ikiləşir. İndi kimsə nəfsini öldürə bilirsə, o keçir və olur insan, o mərifətə çatır. Mərifət və həqiqəti dərk edir. Çox cüzi insanlar həqiqəti dərk edir.

- Mən gözümü açandan sizi görmüşəm Azərbaycanda, dünyada. Çoxdandır bü dünyadasınız. Necə tanıdınız bu dünyanı? Bu dünya sizdən nəyi aldı, nəyi verdi?
- Çox ağır sualdır. Ömrü verdim, yaş qazandım.

- Necə yaş qazandınız Bəxtiyar müəllim?
- Bu yaş müddətində mən görəsən bu kişilərin dərk etdiyini, bu kişilərin, İslam alimlərinin dərk etdiyinin yarısını dərk edə bildimmi? Demək asandır ki, dərk etmişəm. Boş sözdür. Çox çətindir.

- Yuxu tez-tez görürsünüz?
- Çox tez -tez.

- Son zamanlar gördüyünüz yuxulardan sizi ən çox heyrətləndirən hansı olub?
- Atamla söhbət etmişəm yuxuda. Özü də tez-tez görürəm atamı.

- Razıdır sizdən? Hər halda yuxudan hiss edərdiniz.
- Mən hiss edirəm ki, yox. Deyir, mən səni ayrı cür görmək istəyirdim. Onun bir sözü var idi ki, insan olmaq lazımdır. İnstitutu qurtarıb diplomu aparıb göstərəndə dedi əşi, öyünmə. O, ona çatmırdı, onun əsas meyarı, ölçüsü insanlıq idi. Kasıb dolanıb, kasıblıqla bizi böyüdüb, amma böyük insan idi. Evdə bir əziz çörək bişəndə, yeyə bilməzdi, mütləq düşməli idi aşağı, həyətdə gözləməli idi, kimisə evə çıxartmalı idi ki. gedək yemək yeyək. Qəribə bir insan idi.

- O, sizi necə görmək istəyirdi? İstəmirdi ki, siz şair olasınız?
- Yox, mən bunu bilmirəm. Onun bildiyi namaz idi, dua idi, oruc tutardı. Bütün ayinləri, mərasimləri yerinə yetirirdi. Çox yüksək insan idi, mən ona baxanda təəccüb edirdim. Sonuncu qəpiyini belə yoxsula verərdi.

- Mən həmişə belə fikirləşmişəm ki, insan cəmiyyət övladıdır, ilk növbədə şair və yazıçıların övladıdır. Yəni biz atamızdan, anamızdan daha çox sizlərin əsərlərinizdən tərbiyə almışıq. Bizim hansısa bir hərəkətimiz sizi narahat etmir ki, məsələn filankəsin etdiyi hərəkətə görə Bəxtiyar Vahabzadə olaraq siz də məsuliyyət daşıyırsınız?
- Şübhəsiz. Mən həmişə onu deyirəm. Burada bizim də günahımız var. Harada cəmiyyətdə bir əyinti varsa, az-çox öndə duran insanların günahı var, arasında da mənim. Bu, çox böyük məsuliyyətdir. Qərb fəlsəfəsi daha çox materialist fəlsəfədir. Şərq fəlsəfəsi daha çox mənəviyyat fəlsəfəsidir. İnsanın mənəvi yüksəlişi. İndi belə də bölürlər ki, hiss şeytandır, ağıl Allahdır. Hiss çox gözəldir, bizi aparır, həmişə xoşdur. Adam hissin dalınca getmək istəyir.

Ağılın önündə səcdə qıl, əyil,
Ağıl düşüncənin mötəbər şahı,
Ağılı eşidən heç kəsi deyil,
Allahı eşidir, yalnız Allahı.


Ağılı eşidən ancaq Allahı eşidir. Amma bu, sözdür, necə etmək olar ki, o şirin hissin dalınca getməyəsən, şirin hiss səni aldatmasın? Necə etmək olar? Hiss insana gözəllik gətirir, şirinlik gətirir, həyatın ləzzətini gətirir. Amma ağıl deyir ki, olmaz bu. Bu mübarizə hər kəsin öz içində gedir. Lap yaşlı adamda da var bu. Bəzən hiss ona güc gəlir, ağıl deyir ayıbdır dayan. Ömrümüz boyu içəridə insanın içində mübarizə gedir: edim, etməyim?. İnsanın ən çətin şey özü özü ilə güləşməsidir. Amma bu, vacibdir, çox vacibdir. Ona görə də nə deyək? Ruh hansındadır? Ruh hissin arxasındadır desək, günah etmiş olarıq. O, Allahın əmrindədir.

- Bəxtiyar müəllim, adınızı kim qoyub?
- Adımı atam qoyub. Vahab mənim ulu babam olub. Biz Şəkinin yuxarı baş hissəsində oluruq. Orada hamı dağçı olur, meşədən odun gətirir, mənim babam da, əmilərim də o işlə məşğul olub. Həyətdə kömür quyusu olur, kömür quyusunda odunu yandırır, onu gətirib şəhərin ortasında satır, bununla dolanır. Amma mənim ulu babam dağçı olmayıb. Deyilənə görə, ulu babam şalvarın fəsini tikən usta olub. Amma çox fağır, yazıq adam olub, çox dinc, mülayim, yazıq bir adam olub. Savadı olmayıb, işi tikib satmaq olub.

- Hansı övladınızı daha çox istəyirsiniz?
- Fərq olmaz, demək olmaz, çətindir. Çox çətindir. Amma kiminlə dərdləşirəm deyə bilərəm. Hamısı ilə dərdləşirəm təklikdə, ayrılıqda. Çünki uşaqların birində hiss artıqdır, məsələn, qızımda ağıl artıqdır. Balaca oğlumda ağıl, mühakimə güclüdür. Azər də, Gülzar da həm də dindardırlar, dini kitablar çox oxuyurlar. İsfəndiyarda dini kitab oxumaq yoxdur. Amma daha çox hiss adamıdır.

- Kiminlə daha çox açıq olursunuz ünsiyyətdə? Elə şeylər varmı ki, onları yalnız kiminləsə bölüşürsünüz?
- Biz dörd dost olmuşduq cavanlığımızda- Xudu Məmmədov idi, Elnur Əbdülrzayev idi, mən idim, bir də Şahmarrza Ənvərzadə. Elə bunlarla bölüşərdim. İndi də yenə Nurəddinlə bölüşürəm. O şey ki, heç kəsə deyə bilmərəm, ona deyirəm.

- Ümumiyyətlə, sirr saxlamağı bacarırsınız?
- Çox çətin. Amma başqa yol yoxdur. Sirri hamıya açmaq olmaz.

- Bu sirrlər şəxsi sirrlərdir? Bəlkə elə sirrlər ola bilər ki, siz bilirsiniz, dövlətə görə, cəmiyyətə görə deməmisiniz, millətin sarsılmamasına görə deməmisiniz. Belə sirrlər var?
- Çox, çox olub.

- Düşünmürsünüz ki, nə zamansa peşman olacaqsınız ki, gərək mən o vaxt o sirri açaydım Azərbaycan xalqına? Belə bir şey ağlınıza gəlmir?
- Amma bircə şey var ki, lap Sovet dövrünün qılıncının dalı qabağı kəsən vaxtlarda da sözümü deməyə çalışmışam. Əlbəttə açıq deməmişəm, onun da yolları var idi- ya hadisələri xarici ölkələrə keçirmək, ya da tarixə keçirmək. O yolla özümü pərdələmişəm. Məsələn, Sovet dövründə mənə vaxtı ilə bir nəfər zəng edib dedi ki, «Gümanımız sənə idi, sən də Lenindən yazdın? Utanmırsan? Lenin bizi hansı günə çıxardı?». Tanımıram kim idi, bunları ərklə telefonda dedi. Mən ona dedim ki, xahiş edirəm gedin o əsəri oxuyun, sonra bir də gəlin mənə nə sözünüz varsa deyin. Üstündən bir ay keçmiş mənə zəng etdi, dedi başa düşdüm. Məsələn, Leninin sözüdür deyir, «Rüşvət olan məmləkətdə ədalətdən danışmaz olmaq». «Leninlə söhbət» əsərimdə ondan bu cür epiqraf gətirirəm. Sonra da başlayıram ki, ay dahi sən böyük adamsan, tamamilə düz deyirsən. Rüşvət axı götürüb dünyanı. İndi məni kim tuta bilər? Lenin dediyi sözü təkrar edirəm. Beləcə, səkkiz fəsil yazdım, hərəsi bir məsələ ilə bağlı.

- Zaman sizdən ötrü nədən ibarətdir?
- Zaman əslində uydurmadır, təqvim, vaxt uydurmadır. Vaxt yoxdur. Mənim bir şeirim də var bu haqda. Vaxtı kim yaradıb? Kim bölüb bunları saata, dəqiqəyə, aya, həftəyə, ilə, kim bölüb? Zaman uydurmadır, yoxdur. Bir şey ki, əvvəlini, başlanğıcını bilmirik, onun sonunu da bilmirik.

Təbiətdən savayı hər şey ancaq qurmadır,
Oddan çıxan tüstü də düz yox, burma-burmadır.
Bu saxtakar əyrilər düzləri çıxdaş eylər,
Hesabda ancaq hünər çıxma deyil vurmadır.
Necə inanaq buna, şeyxin uydurduğuna,
Guya onun bir günə yediyi bir xurmadır.
Gül də var, cah cəlal da, üzdə, gözdə, camalda,
Yanaqdakı o xal da sonradan qoydurmadır.
Güclülər gəlməyibsə, kor yalana şəriksə,
İlkini bilmiriksə, vaxt da bir uydurmadır.


- Nə vaxt, günün hansı hissəsində özünüzü daha yaxşı hiss edirsiniz?
- Nisbətən səhər.

- Həmişə belə olub, yoxsa son zamanlar?
- Son vaxtlar. Amma mən şeirlərimi adətən gecə saat 11-dən sonra yazmışam. İş günüm gecə saat 11-dən sonra başlayır.

- İndi də yazırsınız yəqin.
- İndi az, çox az. Gərək həyətə çıxam, ünsiyyətdə olam ki, o hiss məndə yarana. O, bir anda yaranır.

- Mən fikir verdim, bayaq latın qrafikası ilə yazdınız. Həmişə latınla yazmısınız?
- Yox, yox. Əvvəllər mən orta məktəbdə oxuyanda latın qrafikası idi, sonra keçdi kirilə, Sonra bir də keçdik latına. İndi qarışdırıram.

- Hansı rəngi sevirsiniz?
- Yaşıl ən çox sevdiyim rəngidr. Bir də göyün rəngi- çox qəribədir. Amma yaşıl üçün ölürəm. Yaşıl da İslamın rəngidir, göy türkün rəngidir.

- Hansı ağacı sevirsiniz?
- Ən çox çökə ağacını.

Bir şeirim var.

Quş oxudu fərəhləndik, daş oxusa neyləməli?
Hörümçəklər tor oxudu, kol toxusa neyləməli?
Dedim dünya bir tamaşa, hər arzumuz gəldi başa,
Etdiklərim başdan başa boş yuxusa neyləməli?
Səsimiz yox, küyümüz var,
Oxumuz yox, yayımız var.
Demə dərd gəlmiş çayımız var,
Qənd yoxsa, neyləməli?
Cavanlardan cana doyduq,
Ona uyduq, buna uyduq,
Ət qoxudu, duza qoyduq,
Duz qoxusa neyləməli?

- Duz qoxusa neyləməli Bəxtiyar müəllim?
- Dəhşətdir, dəhşətdir. Duz qoxusa, həyat qurtardı. Ona əlac yoxdur.

- Olub ki, çox çarəsiz vəziyyətə düşmüsünüz?
- Çox olub.

- Ən çox sevindiyiniz və ən çox kədərləndiyiniz hansı məqamları xatırlayırsınız?
- Fəlakətin qurtardığı nöqtə dünyanın ən xoşbəxt anıdır. Fəciənin qurtardığı nöqtədə xoşbəxtlik başlayır. Olub, çox dəhşətli vəziyyətlərə düşmüşəm. Məsələn bilirdim ki, mən getməliyəm, tutacaqlar məni. Sonralar təhlükəsizlik nazirliyinin yaranmasının 80 illiyi münasibətilə olan yığıncaqda Heydər Əliyev üzünü tutdu işçilərinə, dedi bir az ziyalılarla ehtiyatlı olun. Ehtiyatsızlıq ucbatından çoxlarını itirmişik. Məni, bir də Xəlil Rzanı misal çəkdi, dedi «Bu adamların günahı nə idi, bunlar haqqı deyirdilər, bunlar dissident idi, amma bunları incidirdilər. Və bunlar haqqında 60-cı illərin əvvəllərində qərar çıxmışdı. Artıq bunların həbsinə imza atılmışdı. Mən çox çalışdım, bunları xilas etdim». Onu mən biləndə ki, artıq xilas oldum, orada aldığım ləzzəti, sevinci sanki heç vaxt almamışam. Onda mən bildim ki, necə olub həbs edilməmişəm. Hər gün gecə saat birdən sonra evimin qabağında maşın dayananda qorxurdum, elə bilirdim gəldilər məni aparmağa. Bir məsələ vardı, gərək ki, o vaxt Suslov demişdi ki, mənə müsəlman ölkələrindən dissident çıxartmayın, kifayətdir.

- Nəyə görə müsəlman ölkələrinin içərisindən dissident olmasını istəməyib?
- Yəni rusların içində var, Orta Asiya isə tamam müsəlmandır. Bu, xatalıdır.

- Heç fikirləşmisinizmi, nəyə lazım idi bunları etmək? Tutaq ki, bu qədər qorxu, səksəkə keçirdiniz, maşın gözləyirdiniz, bütün bunların hamısı ona görə olunurdu ki, Azərbaycan müstəqil olsun. Azərbaycanın ayrı-ayrı vətəndaşları müstəqil şəkildə öz rüşvətini ala bilsinlər, müstəqil şəkildə korrupsiyaya qurşansınlar. Mütsəqil şəkildə cinayətlər etsinlər? Bütün bunlar hamısı bunun üçün idi?
- İndi belə görünür. Amma biz bu cür düşünmürdük. Şəxsən mən elə hesab edirdim ki, müstəqilliyimizi alan gün hər şey düzələcək. Mən elə düşünürdüm, sadəlövh adamam. Mən bir şeir də yazmışdım ki,

Azadlıq, azadlıq, deyil acı oldum,
Mən sənin acın oldum,
Aldım alaca azadlığı,
Gördük yox, o deyil,
Biz istədiyimiz olmadı.

Şeir yadımda deyil, orada tam gözəl deyirəm, deyirəm ki, özgə aparırdı, indi özümüzünkülər özümüzə şərik oldu. İndi özümüzünkülər bizim başımıza oyun açır.

- Əşyalara, predmetlərə qarşı mühafizəkarsınız? Məsələn, elə bir şey varmı ki, ömrünüzün 40 ilini, 45 ilini ondan əl çəkmirsiniz, sizin yanınızda olur?
- Xüsusilə qələm. Mən demək olar ki, bütün əsərlərimi bir qələmlə yazmışam, bir qələmim var. Amma iki-üç il əvvəl bilmədim necə oldusa, onu itirdim. O, mənim üçün müqəddəs idi.

- Harada itirdiniz onu, Bakıda, yoxsa kənddə?
- Bakıda.

- Bakıda çox şey itirdik biz. Böyük şəhərlərdə çox şey itiririk. Bakıda, o böyük şəhərdə daha nə itirmisiniz?
- Hisslərimi itirmişəm. Həyatın şirinliyini, ləzzətini itirmişəm. Yoxdur onlar. İndi mən ləzzət alıram nəvəmdən, nəticəmdən, onlardan ləzzət alıram. Yəni özümə məxsus olan elə bir şey yoxdur. O qədər mürəkkəbik ki, mən deyirəm ki, hər şeyi başa düşdüm, hamını başa düşdüm, bir özümü başa düşmədim. Özümü başa düşə bilmirəm. Bir də görürsən ki, bir anın içində gün kimi tutuluram. Mən bir şeir də yazmışam,
Səbəbsiz kədərin, səbəbsiz qəmin
Səbəbi səbəbdən yüz qat ağırdır.

Kədərliyəm, dilxoram, deyirəm nə olub mənə, fikirləşirəm ki, niyə dilxoram, amma bilmirəm, səbəb yoxdur. Amma o səbəb səbəbdən daha ağırdır. İnsan öz-özünü başa düşmür. Elə bir mənasız şey edirəm ki, özüm-özümə təəccüb edirəm. Birdən elə bir mənasız, axmaq söz danışıram ki, özüm təəccub edirəm, bun ə hərəkət idi mən etdim. Ömrüm boyu özümü dərk etmək uğrunda mübarizə aparmışam. Görüm mən kiməm, mən nə istəyirəm, qərəzim, məqsədim nədir? Bilmirəm.

- Hansı heyvanı çox sevirsiniz? Hansına hüsn-rəğbətiniz var?
- Gözəllik etibarı ilə maral. Çox gözəldir. Amma onun gözəlliyi də düşmənidir. Başındakı buynuzlar onu ilişdirir. Qaçanda budaqlara ilişir, canavar da gəlir onu tutur.

- Bu maral həmişə meşənin sıx yerində gizlənməyə çalışır.
- Onun da bəlasına keçir. Gözəl qadın nə qədər gözəldirsə, o gözəllik o qədər onun düşmənidir. Elə onun zibilinə düşür.

- Şairlərə oxşayır bir az marallar. Onlar da həmişə başlarının bəlasına düşürlər.
- Elədir, elədir.

- Xaraktercə qorxaq adam saymırsınız özünüzü?
- Çox ehtiyatlıyam. Amma qorxaq deyiləm. Qorxaq adam «Gülüstan» yaza bilməzdi, mən bilirdim ki, fəlakətə gedirəm. Məni məhv edərlər, amma yazdım. Yazdım, «Şəki fəhləsi»nə də verdim, çap olundu. Amma indi həyatda bir az ehtiyatlıyam. İnsan yaşlaşdıqca, cəsarəti azalır, ehtiyatı çoxalır.

- Bu, sizin sözünüzdür- bir vaxtlar demişdiniz ki, şairinki daha çox kədərdir.
- Elədir.

- Nə ilə izah edirsiniz bu məntiqi?
- Qəm-şadlıq. Orada mən ona cavab vermişəm.

Kədər düşüncədir, qəm düşüncədir.
Qəmin qanadında yaradırıq biz.
Kədərin bir damcısında közərən ahın
Közərməz şadlığın ümmanında da.

Şadlıq yüngüldür, çəkisi yoxdur, amma kədər çəkilidir.

- Ən çox nəyə sevinmisiniz?
- Yadımdadır ki, 1984-cu ildə məni vermişdilər SSRİ dövlət mükafatına, amma almaq məsələsi çətin idi. Çünki təxminən 30-a qədər namizəd vardı, onların içindən seçmək lazım idi. Birdən mənə Moskvadan zəng etdilər, mən mükafatı aldım.

Dərdim olmasaydı, dərd tutmaq üçün
Dərdin dəryasına tilov atardım.
Sevinci qaşıyıb vallah mən hər gün
Sevincdən özümə dərd yaradırdım.
Əgər olmasaydı, dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim
.

Bu, mənim kredomdur, mən dərd üçün ölürəm, dərd axtarıram və dərd də məni yazdırır. Məni yazdıran dərddir, kədərdir. Sevincdən mən heç vaxt xoşbəxtlik görmürəm. Dərd insanı düşündürür.

- Azərbaycan poeziyasında Füzulini dərd şairi kimi tanıyırlar. Dərdin texnologiyasını şairlər yaxşı bilirlər. Sevincdə hay-küy çox olur, şairin düşünməyə imkanı az olur.
- Qırmızı çoxdur.

- Amma siz yaşılı sevirsiniz. Hesab etmək olarmı ki, dərdin rəngi yaşıldır haradasa?
- Adətən belə götürürlər- qara matəm rəngi. Amma mən dərdimi, kədərimi yaşılda görürəm.

- Səyahətə münasibətiniz necədir, ölkələri gəzmək, dünyanın ayrı-ayrı ölkələrinə çıxmaq? Xarakter etibarı ilə qapalısınız.
- Cavanlığımda çox gəzmişəm, çox gəzmişəm. Dünyanın yarısını gəzmişəm. Amma yaşlaşdıqca yox. İndi mənə nə qədər təklif edirlər, getmirəm. Təklif etdilər Yaponiyaya getmək. Yaponiyaya getmək mənim üçün maraqlıdır, amma dedim yox, gedə bilmərəm, istəmirəm.

- Dünya görmüş insansınız sözün hər iki mənasında. Əsərləriniz müxtəlif dillərə tərcümə edilib. Hansı dilə tərcümədən daha çox razı qalmısınız?
- Nisbətən rus dilinə. Yevtuşenko, Levşenko. Onlar məni hiss edirdilər, mən də onları hiss edirəm. Məsələn, mənim Yevtuşenkodan etdiyim tərcümələrlə bağlı o deyib ki, sən oxu tərcüməni, çevir onu ruscaya. O da bir eksperiment idi. Mən oxuyurdum, o da doğru olduğunu deyirdi. Tərcümə bənzəyir qadına, nə qədər gözəldirsə, o qədər sadiq deyil. Nə qədər çirkindirsə, o qədər sadiqdir. Çünki istəyirsən sətir-sətir düz olsun. Sadiqlikdə gözəllik olmur.

- Şair olmasaydınız, nə olardınız?
- Şair olmasaydım, yəqin ki, meşəçi olardım, dağçı olardım. Təsəvvür edin, inanın ki, dənizdən zəhləm gedir. Dənizdə gözəllik görmürəm, hirslənirəm. Mənimki dağdır. İndi çıxmağa halım yoxdur. Bəlkə atla çıxdım yaylağa. Amma inanmıram o ola.

- Nə vaxt atla çıxmısınız axırıncı dəfə?
- Axırıncı yaydan əvvəlki yayda.

- Ata minəndə necə oturursunuz?
-Yəhərlə.

- At çapmağı xoşlamısınız?
-Çox, cavanlığımda xoşlayardım. Məsələn, dayımın evi buradan on kilometr uzaqda Söyüdlü kəndindədir. Cavanlıqda ata minib dayımı görməyə getməyi sevərdim.

- Mən Bişkekdə Çingiz Aytmatovla görüşəndə o da demişdi ki, siz atla gəzməyi xoşlayırsınız. Amma mən ondan atla gəzməyi sevməsi barədə soruşmadım. Çünki Çingiz Aytmatov bir az bu məsələlərdə qapalı idi. Hətta onun yadında 90-cı ilin yanvar hadisələri qalmamışdı. Mən soruşdum, dedi ki, 90-cı ildə nə olub?
-Ondan sonra biz getdik Bişkekə, Nurəddin, mən, Şahmar. İki-üç gün onun evində qonaq qaldıq. Səhərə qədər Nurəddin bizim haqqımızda nalayiq şeylər yazan erməninin- Zori Balayanın kitabını oxuyub ona izah edirdi. Gördük ona təsir etmir.

- Sizcə, bun nə ilə bağlıdır. Yazıçı kimi böyük olanda adam öz kökünə bağlılıqdan uzaqlaşır?
- Əksinə, öz kökünə çox bağlı olur.

- Deməli, o, kökünə bağlı deyil, ya da göründüyü qədər böyük deyil, ya…
- Yox, o, çox ehtiyatlı adamdır. Çünki o vaxtlar o, Nobel mükafatına namizəd idi.

- Amma Nobel də olmadı və belə bir adam kimi yadda qaldı. Bu, beş il bundan əvvəl olan söhbətdir. Siz ona bu məsələlərlə bağlı məktub da göndərmişdiniz.
- Elədir.

- Ümumiyyətlə, dükana-bazara getməyi xoşlayırsınız?
- Yox, qətiyyən. Heç vaxt da getmirəm.

- Kim edir evdə bazarlığı?
- Yoldaşım. Mən heç vaxt getmirəm. Pul xərcləməyi də sevmirəm, heç sevmirəm. Daha doğrusu, bacarmıram.

- Yoldaşınız sizi qoruyur. Bu borcdan çıxmaq üçün siz neyləmisiniz?
- Heç nə. Həmişə ona borcluyam. Göydə Allah, yerdə o, məni mühafizə edir. Amma mən ona heç nə etməmişəm. 55 ildir o mənim evimdədir, 55 ildə mənim güclü qonorar almağım olub, gözləmədiyim halda Türkiyədə kitabım çap olunub, pul gəlib. Mən hələ ona bir şey-məsələn, qadınlar sevir zinət əşyasını- zinət əşyası da almamışam. Onun özündə də nəfs yoxdur. O cəhətdən çox yüksək adamdır. Nə yeməyə, nə içməyə, nə geyməyə, nə qadınlar taxan zinətə onda qətiyyən nəfs yoxdur.

-İstəyərdim ki, bütün insanlara səslənən bir bəyanat verəsiniz, bütün insanlara Bəxtiyar Vahabzadə sözü deyəsiniz. Hansı sözü, hansı tövsiyəni, nəsihəti, vəsiyyəti deyə bilərsiniz?
- Çox şey demək olar… mən bircə şey istəyirəm deyəm. Mən millətimə tövsiyə edərdim ki, Allah yolundan qaçmasınlar. Allah həmişə bizi saf yola, haqq yola çağırır. Yalan danışmasınlar, başqasını incitməsinlər. Heç kəsin ürəyinə toxunmasınlar. Şəkidə bir söz var. "Ürək sındırmaq quş yuvası dağıtmaqdan günahdır".

- İstəyərdim, torpaqlarımınız ermənilər tərəfindən işğalı barədə də bir söz deyəsiniz.
- Bu, çox ağrılı məsələdir. Mən belə güman edirəm ki, bilirsiniz zorla alınan torpaq xoşluqla qaytarıla bilməz. Mümkün deyil. Mənim düşüncəm budur. Onlar qan töküb alıblar bunu. Biz də qan tökmüşük, amma məğlub olmuşuq. Həqiqət budur. Ordumuzu gücləndirmədən heç nə edə bilmərik. Əgər istəyiriksə ki, biz qələbə çalaq, ordumuzu gücləndirməliyik. İstəyiriksə, sülh olsun, yenə ordu. Ordu yaranmalıdır. Güclü ordu. Hər şey gücə tabedir. İndiki zamanda, vaxt da gücə tabedir. Əgər sənin gücün var, haqlısan, gücün yoxdur haqsızsan. Əyyami qədimdən bu, belədir.

Category: Yeni Xəbərlər | Views: 994 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2009-02-21 Spam
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) ]

Nə bilirik bəs?Bəyəm o qədər qan tökülüb alınan torpaqlar mən ölüm sən Allah deməklə geri gələcək?
Ya yenə rüşvət təklif olunacaq necəki torpaqlar gedəndə verilib.

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016