Məsələ Azərbaycanın ədliyyə nazirinin Macarıstana səfəri zamanı müzakirə ediləcək
Budapeştdə həbsdə olan Azərbaycan silahlı qüvvələrinin zabiti Ramil Səfərovun ekstradisiyası barədə məhkəmə prosesi bitəndən sonra danışıla bilər. Bunu Bakıda səfərdə olan Macarıstanın xarici işlər naziri Kinqa Gyonts azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, məsələ Azərbaycanın ədliyyə nazirinin Macarıstana səfəri zamanı müzakirə olunacaq. Elmar Məmmədyarov isə bildirib ki, görüşdə Ramil Səfərovla bağlı müzakirələr də aparılıb və o, həbsədə olan zabitin işinə ədalətlə yanaşılmasını xahiş edib. E.Məmmədyarov həmçinin bildirib ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin bütün sahələrini əhatə edən ətraflı müzakirələr aparılıb: «Macarıstanın təkcə enerji yox, həm də bütün sahələrdə Azərbaycanla əməkdaşlğa maraq göstərdiyi məlum oldu». Nazirin sözlərinə görə, Macarıstan Bakıda səfirlik açmaq niyyətindədir. /ANS/
|