Dünəndən etibarən türk xalqlarını birləşdirəcək TRT-nin bir qolu olan yeni kanal fəaliyyətə başlayıb. Bu «Avaz» adı ilə yayımlanacaq ortaq türk kanalıdır. Altı dildə iyirmi dörd saat ərzində yayımlanacaq yeni kanalda türk dövlətlərinin öz dilində türk xalqlarının tarixi haqqında filmlər, verilişlər yayımlanacaq. Bundan başqa, türk mədəniyyəti, adət-ənənəsi bu kanal vasitəsi ilə dünyaya çatdırılaacq. Ortaq türk kanalının açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti Abdulla Gül bildirib ki, türk dünyasının birliyinin nümunəsi olan ortaq kanalda xalqlarımızın ümumi dəyərləri əks olunacaq: «Bu kanal bütün türk dünyasına TRT-türk, TRT-Avaz adıyla yayımlanacaq. Mənə verilən məlumata görə, 27 ölkəyə yayımlanacaq. Bizi Avrasiya başda olmaqla, Orta Asiya, Balkanlar, Orta Şərq, bütün ağlımıza gələn türk ulusunun olduğu ortaq mədəniyyətimiz, ortaq dəyərlərimizin olduğu, bir-birimizə yaxın hiss etdiymiz böyük bir kütlə ilə görüşdürəcək. O baxımdan avaz-səs bütün bu bəhs etdiyim coğrafiyada ən az 200 milyon insanın bildiyi bir kəlməni özünə ad seçib. İnanıram ki, çox böyük rəğbət qazanacaq».
|