1988-ci ildən başlayaraq, hər il bütün dünyada dekabr ayının ilk günü
Ümumdünya QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) günü kimi qeyd
edilir.
QİÇS yeni xəstəlik olmasına baxmayaraq, sürətlə
yayılmaqdadır. İlk dəfə 1981-ci ildə ABŞ-da aşkarlanan bu xəstəliyin
hal-hazırda bütün ölkələrdə daşıyıcıları vardır. Bu xəstəlik HİV (Human
İmmunodeficiency Virus) virusuna yoluxma nəticəsində yaranır və insan
orqanizmində immun sistemini zəiflədərək tədricən sıradan çıxarır.
Bunun nəticəsində isə orqanizmin digər xəstəliklərə qarşı müqaviməti
olmur və insan asanlıqla yoluxucu xəstəliklərin təsirinə məruz qalır.
Hələlik, QİÇS xəstəliyinin müalicəsi olmadığına görə, insan həyatı üçün
təhlükəli hesab edilir.
“QİÇS daşıyıcılarının 62%-i eyni zamanda narkotik istifadəçisidir”
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada
33,2 milyon insan HİV/QÇİS daşıyıcısıdır və onların 17,9 milyonu qadın
və uşaqdır. Hər gün bu xəstəliyə təqribən 6800 nəfər yoluxur ki,
onlardan da 5800 nəfəri dünyasını dəyişir. Ölkəmizdə də HİV virusuna
yoluxanların sayı son illərdə artmaqdadır. Respublika QÇİS-lə Mübarizə
Mərkəzinin direktoru Həqiqət Qədirovanın sözlərinə görə, bu günədək
ölkəmizdə 1771 nəfərdə HİV virusu aşkarlanıb. H. Qədirova təkcə
2008-ci ilin 11 ayı ərzində 392 nəfərin bu xəstəliyə yoluxduğunu və bu
günə qədər 232 nəfərin həmin xəstəlikdən vəfat etdiyini söylədi.
Ölkəmizdə ilk dəfə HİV infeksiyasının 1992-ci ildə qeydə alındığını
deyən QÇİS-lə Mübarizə Mərkəzinin rəhbəri bildirdi ki, bu xəstəlik
artıq bütün cəmiyyəti narahat edən sosial problemdir. “Artıq bu
xəstəliyin coğrafiyası bütün ölkə ərazisini əhatə edir. Ən ciddi
problem isə bu xəstəliyin azyaşlılar və qadınlar arasında yayılmasıdır.
Qeydə alınan xəstələrin yarıdan çoxu, təqribən 62%-i iynə vasitəsilə
narkotik maddə qəbul edərkən bu virusa yoluxub. HİV daşıyıcılarının
23%-i isə bu xəstəliyə cinsi əlaqə zamanı yoluxub ki, bunların da çoxu
qeyri-qanuni əlaqələrin qurbanı olub. HİV infeksiyası eyni zamanda
anadan öz övladına keçə bilər ki, bu, ana bətnində olarkən, doğuş
zamanı, ya da əmizdirmə zamanı baş verir. Həmçinin virus donor qanı
vasitəsilə bir insandan digərinə keçə bilər”, - deyən H. Qədirova
narkotik vasitə qəbul edənlər və əxlaqsızlıqla məşğul olanların QİÇS
virusuna yoluxma ehtimalının yüksək olduğunu və aparılan yoxlamaların
da bunu sübut etdiyini bildirdi.
“Düzgün müalicə aparılarsa, xəstənin ömrünü uzatmaq olar”
QÇİS-lə Mübarizə Mərkəzinin rəhbəri xəstəliyin bu günə qədər
müalicəsinin tapılmadığını qeyd edərək bildirdi ki, bütün dövlət
orqanları və ictimai təşkilatlar HİV virusunun yayılma səbəblərinə
qarşı birgə mübarizə etməlidirlər. “Narkomaniyaya qarşı mübarizə,
insanların qeyri-qanuni cinsi əlaqələrdən çəkindirilməsi və bu sahədə
maarifləndirici təbliğatın aparılması QİÇS xəstəliyinin qarşısını
almaqda böyük əhəmiyyət daşımaqdadır. Əgər qeyd etdiyimiz problemlər
həll edilərsə, QİÇS xəstəliyinə 80-90% daha az yoluxma qeydə alına
bilər. HİV virusuna yoluxan insanlarda xəstəliyin əlamətləri müəyyən
dövrdən sonra ortaya çıxdığı üçün bəzən xəstələr bilmədən öz
ətrafındakı insanları, o cümlədən də öz həyat yoldaşlarını HİV virusuna
yoluxdururlar. Təsadüfi deyil ki, ölkəmizdə 125 ailədə eyni zamanda həm
kişi, həm də qadın HİV/QŞİÇS daşıyıcısıdır. Eyni zamanda 14 ailədə həm
valideynlər, həm də uşaqlar HİV virusuna yoluxublar”, -deyən H.
Qədirova bu virusa yoluxan insanları müalicə etmək mümkün olmasa da,
görülən bəzi tədbirlər nəticəsində xəstənin ömrünü uzatmaq olur: “HİV
virusunun orqanizmə təsirini azaltmaq üçün müxtəlif dərmanlardan
istifadə edilir. Eyni zamanda xəstə düzgün qidalanmalı, vitaminlər və
minerallar qəbul etməli, idman hərəkətləri və s. ilə orqanizmin
müqavimətini artırmalıdır. Son illərdə xəstəlikdən ölənlərin sayında
azalma müşahidə olunur ki, bu da aparılan müalicə tədbirlərinin
nəticəsində mümkün olub”. QÇİS-lə Mübarizə Mərkəzinin rəhbəri ölkəmizdə
HİV/QİÇS -in müayinə və müalicəsinin pulsuz olduğunu və anonim
saxlanıldığını qeyd edərək bildirdi ki, bu xəstəliyə yoluxa
biləcəyindən şübhələnən hər kəs mütləq QÇİS Mərkəzinə müraciət
etməlidir. Allahverdi Cəfərov
|