1942-ci ilin noyabrında əsir düşərgəsindən qaçaraq fransız partizanlarına qoşulmuş, "Armed Mişel", "Ryus Armed", "Xarqo" gizli adları ilə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, Şarl de Qolla çiyin- çiyinə alman faşistlərinə qarşı vuruşmuşdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion ordeniilə təltif olunmuşdur. Təsadüfü deyil ki, Şarl de Qoll Fransa hökümətinin başçısı kimi Moskavaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdür.
1946-cı ildə Ordudan tərxis edildikdən sonra Şəki rayonundakı N. Nərimanov adına kolxozda işləmiş, Azərbaycan KP-nın XXIX-XXX qurultayının nümayəndəsi olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenləri, habelə Fransanın orden və medalları (o cümlədən şəxsi igidliyə görə verilən ən yüksək "Hərbi Medal"a layiq görülmüşdür. Bu medal hərbi paradda onu alan əsgərə generaldan irəlidə addımlamaq hüququ verir) ilə təltif edilmişdir. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığından bəhs edən povest, oçerk, pyes yazılmış, sənədli filmlər çəkilmişdir.
Əhmədiyyə Cəbrayılov 1994-cü ildə 74 yaşında vəfat etmişdir.