Fermerlər qiymət artımını diri heyvanlara çəkilən xərcin artması ilə əlaqələndirirlər.
İlin əvvəli ilə müqayisədə ölkədə ət və ət məhsulları 30-40 faiz bahalaşıb. Ötən ilin sonunda Qurban bayramındakı bahalaşandan sonra qiymətlər aşağı düşməyib. İndi mal ətinin kiloqramı 5 manat 60 qəpiyə, qoyun əti isə 8 manata satılır.
Ət satışıyla məşğul olanlar iddia edirlər ki, bahalaşma əvvəlcə diri heyvanlardan başlayıb. Regionlarda mal-qoyun əvvəlkindən baha satılır.
Fermerlər isə qiymət artımlarını diri heyvanlara çəkilən xərcin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə indi heyvanlar üçün alınan yemin qiyməti bahalaşdığından onlar da diri heyvanın qiymətini artırmağa məcbur olublar. Satıcılar bu məsələlərdən xəbərdardılar.
İqtisadi İnkişaf Nazirliyində də bildirirlər ki, ət və ət məhsullarının bahalaşması yemin qiymətinin artması ilə bağlıdır. Dünyada taxılın qiyməti artdığından yem də bahalaşıb. Azərbaycan isə yemi əsasən xarici ölkələrdən idxal etdiyinə görə bu qiymət artımı bir başa Azərbaycana da təsir göstərir.
Ancaq nazirlikdə hesab edirlər ki, bu bahalaşma müvəqqəti xarakter daşıyır və yay mövsümünün gəlişi ilə qiymətlərdə bir qədər ucuzlaşma müşahidə olunacaq./Redaktor/M.Xudaverdi
|