Samir Mirzəyev dindirilərkən ağzında gizlətdiyi kəsici alətlə boyun və qarın nahiyəsini kəsərək özünə xəsarət yetirib
Martın 28-i Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan Bakı şəhəri Mir Cəlal küçəsi ev 77 mənzil 11-də yaşayan şəxs polis bölməsində özünə xəsarət yetirib. Kliniki Tibbi Mərkəzə boğazında və qarın nahiyəsində kəsilmiş-deşilmiş yaralarla daxil olan Samir Məcnun oğlu Mirzəyev dərhal əməliyyat olunub. Həkim cərrah Ələsgər Cavadovun ANS TV-yə verdiyi məlumata görə, yaralı Samir Mirzəyevin vəziyyəti cərrahiyyə əməliyyatından sonra orta-ağır olaraq qalır.
Yaralının qohumu Tovuz Şərifova ANS TV-yə bildirib ki, martın 28-i günorta saat 14.00 radələrində Samir Mirzəyev polislər tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinə aparılıb və Samir Mirzəyev kəsici-deşici alətlə özünə elə polis idarəsində xəsarət yetirib.
Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Anar Çıraqov ANS TV-yə müsahibəsində Samir Mirzəyevin polis idarəsində özünə xəsarət yetirmə faktını təsdiqləyib. Onun sözlərinə görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Samir Mirzəyev cinayət məcəlləsinin 177.2.1 , 177.3.2, yəni oğurluq, həmçinin 326.1, rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə maddələri ilə ötən ilin oktyabr ayından axtarışda olub. Şöbə rəisinin sözlərinə görə, o, əvvəllər quldurluğa görə məhkumluq həyatı yaşayıb.
Samir Mirzəyev martın 28-i saat 13.40 radələrində Xətai metrosunu qarşısında tutularaq Yasamal rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilib. Hadisə isə saxlanılan şəxs polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Elçin Məmmədovun xidməti otağında 1 saylı hüquq məsləhətxanasının vəkili Tofiq Hümmət oğlu Aslanovun iştirakı ilə dindirilərkən baş verib. O, ağzında gizlətdiyi kəsici alətlə boyun və qarın nahiyəsini kəsərək özünə xəsarət yetirib.
Faktla bağlı başlanılan araşdırmalar davam etdirilir. İdarədən verilən məlumata görə, Samir Mirzəyevin bacısı Samirə Mirzəyeva də bir neçə ay bundan öncə anoloji cinayət maddələri ilə həbs edilib. /Redaktor/M.Xudaverdi
|