“ABŞ İraqdan sonra İrana da hücum etməyə hazırlaşır.”
Bu iddia ilə ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Yaxın Şərq səfərini izləyən “US News and World Report” jurnalı çıxış edib. Mətbu orqanın məlumatına əsasən, artıq İran əməliyyatı üçün hazırlıqlara start verilib. Jurnal ABŞ-ın ehtimal olunan bu addımını son günlərdə baş vermiş 6 hadisə ilə əsaslandırıb. Hadisələrin ardıcıllığı isə belədir: ABŞ Yaxın Şərq Qüvvələrinin komandanı admiral Vilyam Fallonun istefası, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Yaxın Şərqə səfəri, ABŞ-ın hərbi gəmilərinin Livan sahillərinə doğru yönəlməsi, İsrail Prezidentinin İrana qarşı mübarizədə ölkəsinin tək olmayacağını açıqlaması, İsrail Hava Qüvvələrinin bir neçə ay əvvəl Suriyada yerləşən Deyr əz-Zor bölgəsindəki hərbi bazanı bombalaması və 2006-cı ilin yayında İsrailin Livana hücumu. Amerika mediasında yayılan xəbərlərə görə, Fallonun istefasından sonra ABŞ-ın İrana hücum ehtimalları bir az da güclənib. Belə ki, admiral Vilyam Fallon İrana nüvə proqramının dayandırılması məqsədilə planlaşdırılmış hücuma qarşı çıxan tək müxalif qüvvə idi.
|