Dünyanın
ən kiçik kompyuteri
Yaponiyanın “Fujitsu” firması dünyanın ən kiçik kompyuterini istehsal edib.
Standart qovluq kağızı ölçüsündə olan “Lifebook U1010S” noutbuklara alternativ
kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində təqdimatı keçirilən
“Lifebook U1010S” kompyuteri həvəskarlarının böyük marağına səbəb olub. Cəmi 63
qram çəkisi olan yeni kompyuter asan daşındığı və asan istifadə olunduğu üçün
digər kompyuterləri qabaqlayır. “Lifebook U1010S” bir masaüstü kompyuterdə olan
bütün proqramları və texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi
sözügedən kompyuterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs
göstərdiyini açıqlayıb.
”Fujitsu”nun baş direktoru İvan Kam “Lifebook U1010S”in texnologiya aləmində
böyük yenilik olduğunu söyləyib: “Bu dünyada ən yüngül kompyuterdir. İlk baxışda
standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan demək olar ki, heç
bir fərqi yoxdur. “Lifebook U1010S”in eyni zamanda həm optik (lazer) oxucusu,
həm də sərt diski (hard disk) var”. “Fujitsu”nun yeni nəsil kompyuterlərini
digərlərindən ayıran ən vacib xüsusiyyətlərdən biri də onun batareyalarının
fasiləsiz 11 saat işləməsidir. Sözügedən batareyalar həm də kompyuterdəki
məlumatların ələ keçirilməsinin qarşısını almaq xüsusiyyətinə sahibdir.
Texnologiya dünyasının tanınmış markalarından olan “Fujitsu” bu son məhsulu ilə
önümüzdəki iki il içərisində ən çox satışla məşğul olan ilk 10 firmanın arasına
girməyi hədəfləyir.
/zaman.az/