Qubada tapılmış kütləvi məzarlıqda yenidən tədqiqatlara başlanılacaq.
Quba
soyqırımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin sözlərinə
görə, sürüşmə nəticəsində tədqiq ediləcək 2 əsas quyuya ciddi ziyan
dəyməyib.
Bu gün AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitunun Quba soyqırımı üzrə ekspedisiyasının üzvləri Qubada tapılmış
kütləvi insan məzarlığında qeydə alınan sürüşmə ocağına baş çəkib. ANS
PRESS-in bölgə müxbirinin məlumatına görə, ekspedisiyanın rəhbəri
Qəhrəman Ağayev ilkin müşahidələrdən sonra sürüşməyə məruz qalmış
ərazidə də kütləvi dəfnlər aparıldığının müəyyənləşdiyini bildirib. Arxeoloqun
araşdırmalarına görə, sürüşmə bir neçə hissədə cəsədlərin yerinin
dəyişməsinə və tədqiqat izlərinin yayınmasına səbəb olsa da, tədqiq
ediləcək 2 əsas quyuya ciddi zərər dəyməyib. Ekspedisiya rəhbəri
bildirib ki, martın 25-dən kütləvi məzarlıqda yenidən tədqiqatlara
başlanılacaq. Arxeoloqlar əsasən kütləvi dəfnlər olmuş 2 əsas quyunu və
yuxarı hissədə sökülmüş evin altını tədqiq edəcək. Quba icra
hakimiyyətindən ANSPRESS-ə verilən məlumata görə, arxeoloqların
tədqiqatları yekunlaşandan sonra məzarlıqda 1918-ci ildə ermənilər
tərəfindən kütləvi sürətdə qətlə yetirilən insanların xatirəsinin
əbədiləşdirilməsi üçün soyqırım abidə kompleksinin inşasına
başlanılacaq./ANS PRESS/
|