Ötən saylarımızın birində Oğuzun Şirvanlı və Musax kəndlərinin sakinlərinin əllərində olan bağ sahələrinin Kəmaləddin Heydərova yaxın şəxslər tərəfindən almaq istədikləri barədə xəbər vermişdik. Xəbərdə qeyd etmişdik ki, Oğuz-Bakı su kəmərinin keçdiyi ərazilərdəki fındıq bağlarını almaq istəyənlərə isə rayon icra hakimiyyətinin başçısı Aydın Əliyev rəhbərlik edir. Həmin vaxt redaksiyamızla əlaqə saxlayan bir qrup kənd sakininin dediyinə görə, onlara fındıq sahələrinə görə vur-tut 3 min manat təklif edirlər. Amma fakt odur ki, bu sahələr əllərindən çıxacağı təqdirdə ömürlük ruzidən məhrum olurlar.
Şirvanlı və Musax camaatı deyir ki, su kəməri əslində fındıq sahələrinin çox cüzi bir hissəsindən keçir. Sadəcə, ölkədə bütün sahələr kimi qoz-fındıq biznesi də inhisara götürüldüyündən bu bəhanə ilə camaatın mülkünü zorla əlindən almaq istəyirlər. Hər iki kəndin sakinləri deyir ki, bu işin başında Kəmaləddin Heydərovun adamları dayanır. Çünki onun adı ilə əhaliyə hədə-qorxu gəlinir.
Dünən redaksiyamızla əlaqə saxlayan kənd sakinləri bildirdilər ki, iki gündür Şirvanlı kəndində vəziyyət gərginləşib. Kənd sakinlərinin dediyinə görə, camaata məxsus 220 hektar torpaq sahəsini tez bir zamanda boşaldılmasını tələb edən icra başçısı Aydın Əliyev, əks təqdirdə bunu polisin gücü ilə edəcəyini bildirib. “Bizə dedi ki, sizə hər hektarına 3086 manat pul veririk. Əgər qısa zamanda torpaqları boşaltmasaz, heç bu pulu da görməyəcəksiz. Biz yerli icra hakimiyyətində işləyən bir nəfərdən öyrənmişik ki, əksinə, hər hektarı 18 min manata ”oformit" ediblər. Amma bizə bu qədər verirlər. Amma bizə heç 18 min manat da lazım deyil. Çünki əlimizdə olan bu fındıq sahələri gələcək nəsillərimizin də dolanışıq yeridir."
Sakinlərin dediyinə görə, iki gündür kənd camaatı növbə ilə fındıq bağlarında keşik çəkirlər. “Onlar hər an hücum edib bağı məhv edə bilərlər. İki gündür gecəmiz - gündüzümüz yoxdur. Dünən bir qrup adam kəndə gələrək bizi polislə hədələdi. Camaatın müqavimətini görüb geri çəkildilər. Dərdimizi kimə deyək, bilmirik. Bu gün (dünən-S.M) prezidentə və ombudsmana şikayət məktubu göndərəcəyik. Bəlkə onlar səsimizi eşidib, bu özbaşınalığa son qoydular”.
Söhbət əsnasında kənd sakinləri maraqlı bir məqama da toxundular. Onların dediyinə görə, Bakıya çəkiləcək su kəmərini təchiz etmək üçün Oğuzla bərabər, Qəbələdə də xeyli artezian quyuları qazılmalıymış. “Amma hökumətin bu layihəsini Kəmaləddin Heydərov istədiyi kimi boykot edib. Söhbət ondan gedir ki, Qəbələdə qazılacaq artezian quyuları ona məxsus torpaq sahələrinin ərazisinə düşdüyündən, indi bütün ağırlıq, necə deyərlər, Oğuzun üstünə düşüb. Bir sözlə, Oğuz - Bakı su kəmərinə vurulacaq bütün quyular bizim rayonda qazılacaq”-deyə sakinlər bildirdilər. 12.03.2008