Mərkəzi qərargahı Londonda yerləşən «Economist Intelligence Unit» təşkilatının dünya şəhərlərində yaşamın dəyəri ilə bağlı apardığı araşdırma belə deməyə əsas verir
Dünyada yaşayış xərclərinin ən yüksək olduğu şəhər Norveçin paytaxtı Oslodur. Mərkəzi qərargahı Londonda yerləşən «Economist Intelligence Unit» təşkilatının dünya şəhərlərində yaşamın dəyəri ilə bağlı apardığı araşdırma belə deməyə əsas verir. Qurum 132 şəhərin minimum istehlak səbətini təhlil edib. Məlum olub ki, Osloda yaşamaq daha baha başa gəlir. Bu siyahıda London ən çox irəliləyən şəhərlərdən biri olub – 7-ci yerdən 4-cü pilləyə qalxıb. İndi Londonda qiymətlər ötən il yaşama minimumu Oslodan sonra ən yüksək olan Tokionun qiymətlərindən daha yüksəkdir. Siyahıda ikinci və üçüncü yerlərdə Paris və Kopenhagen durur. Moskva isə Avropanın Avropa Birliyinə daxil olmayan ən bahalı şəhəri elan olunub. Bu il Moskva hətta Nyu-Yorku da geridə qoyaraq 29-cu yerdən 26-cı pilləyə yüksəlib. İstanbul isə ötən illə müqayisədə bir qədər geriləyib – 48-ci yerdən 53-ə enib.
Şəhərlərin siyahısı ərzaq, kommunal xərclər, məişətdə işlənən əşyalar, restoran və taksi xidmətlərinin qiymətləri əsasında tərtib olunub. London nəqliyyat xərcləri və qeyri-ərzaq məhsullarının bahalığı hesabına irəliləyib. Bu şəhərdə elektrik və qaz hələ də ucuz olaraq qalır.
Araşdırmaya görə, dünyanın ən ucuz şəhəri isə İranın paytaxtı Tehrandır. Burada qiymətlər Londonla müqayisədə təxminən dörd dəfə aşağıdır. Filippinin paytaxtı Manila və Hindistanın Mumbai şəhəri də siyahıda sonuncu yerləri tutur.
Qitələr üzrə göstəriciyə gəldikdə isə, bahalı şəhərlərin sayına görə, birinci yeri Avropa tutur. Latın Amerikası ölkələri isə qiymətlərin ən aşağı olduğu yer hesab olunur. Latın Amerikasına daxil olan şəhərlərdə qiymətlər dünyanın ən bahalı 30 şəhəri ilə müqayisədə dörd dəfə aşağıdır.
1946-cı ildə yaradılan «Economist Intelligence Unit» təşkilatı dünyanın qabaqcıl sənaye və idarəetmə analizlərini aparır. Artıq 60 ildir ki, iqtisadi təhlillər həyata keçirən qurumun dünya üzrə 40-dan çox bölməsi var.
|