Ailəsi tərəfindən evdən qovulan qız küçələrdə gecələyir.
18
yaşlı Qərənfil Məmmədovanı anası və atalığı xaricə satmaq istəyib. Bu
barədə ANS TV-nin əməkdaşı ilə söhbətində Qərənfil Məmmədova özü
bildirib. O qeyd edib ki, atası öləndən sonra ərə gedən anası ərinin
təkidi ilə onu küçəyə atıb. Qərənfilin sözlərinə görə, atalığı onu
yaşlı və pullu bir adama ərə vermək istəyib. O isə telefonda tanış
olduğu Vüsal adlı gənci sevdiyindən ona qoşulub qaçıb. Onların evliliyi
altı gün sürüb. «Pul qoyub çıxıb getmişdi. Gəldim evə. İbad-atalığım
məni söyməyə başladı. Əlimi dağlayırdılar», -deyən Qərənfilin sözlərinə
görə, atalığı ona daim işgəncələr verib, əlini-ayağını dağlayıb, başını
qırxıb.
Qərənfilin
həm doğma anası, həm də atalığına qarşı daha ciddi ittihamları da var.
Qız bildirib ki, iki dəfə xaricə satmağa cəhd göstəriblər. Amma
şəxsiyyət vəsiqəsi olmadığından iş baş tutmayıb. Qeyd edək ki, bundan
sonra Qərənfil tamamilə küçəyə qovulub və bundan sonra tikintidə,
bloklarda gecələməli olub. Yalnız bir neçə ay bundan əvvəl metronun 28
may stansiyası yaxınlığında bir qadına rast gəlib və həmin qadın onu
kirayə qaldığı evinə aparıb.
|