Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, qadınlar az maaşlı sahələrdə çalışır və ya eyni işi görmək müqabilində kişilərdən az əmək haqqı alır...!
Dünya qadınlarının əksəriyyəti az maaşlı fəaliyyət sahələrində çalışır və ya eyni işi görmələrinə baxmayaraq kişilərdən daha az əmək haqqı alır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadınların əmək məşğulluğu sahəsindəki tendensiyalara həsr olunmuş hesabatını hazırlayan müəlliflər bu qənaətdədir. BƏT-in hesablarına görə, ötən il 81,6 milyon əmək qabiliyyətli qadın işsiz olub. Hesabatda deyilir ki, dünyada işləyən qadınların sayının artmasına baxmayaraq, onlar arasında işsizlik də rekort həddə-6,4 faizə çsatıb. Kişilər arasında isə bu rəqəm bir qədər aşağıdır-5,7 faiz. Sənədə görə, zərif cinsin işləyən nümayəndələrinin 36,1 faizi kənd təsərrüfatı, 46,3 faizi isə xidmət sahələrində çalışır. BƏT ekspertləri qeyd edir ki, son 10 il ərzində işləyən qadınların sayı təxminən 200 milyon nəfər artıb və 2007-ci ildə 1,2 milyard nəfərə çatıb. Axır 10 ildə qadınlar və kişilərin məşğulluğu arasındakı uçurum azalsa da, hələlik əhəmiyyətli dərəcədədir. Ötən il işləyən qadınların sayı kişilərdən 600 milyon nəfər az olub.
|