Rasim Musabəyov: «Rəsmi İrəvan beynəlxalq ictimaiyyətin təzyiqləri üzləşəcək»
Ermənistan hakimiyyəti vəziyyəti tam nəzarətə almadan fövqəladə vəziyyətin ləğv edilməsi ilə bağlı beynəlxalq təşkilatların və aparıcı ölkələrin çağırışlarına rədd cavabı verəcək. Bunu ANSPRESS-ə Ermənistanda son iki gün ərzində yaranmış gərginliyi şərh edən politoloq Rasim Musabəyov deyib: «Bu vaxta qədər Robert Koçaryan və Serj Sarkisyan imitasiya edirdilər ki, təkcə Rusiyanın əlaltısı deyillər və guya Qərblə də münasibətləri var. Lakin hadisələrin inkişafı göstərəcək ki, onlar birbaşa Moskvanın adamlarıdır».
Rasim Musbayovun fikrincə, baş verənlər Ermənistanın beynəlxalq imicinə mənfi təsir göstərəcək və hakimiyyət manevr imkanlarını məhdudlaşdıracaq: «Ermənistan ABŞ hökumətindən «Minilliyin çağırışı» proqramı çərçivəsində 240 milyon dollarlıq yardım alır. Yardımın şərti isə demokratik tələblərə cavab verən hakimiyyətin mövcudluğudur. Bu baxımdan, Ermənistan hakimiyyəti üçün risk yaranır. Bundan başqa, Avropa Birliyi çərçivəsində də yardımların verilməsində çətinliklər və təzyiqlər olacaq».
Politoloq hesab edir ki, bütün risklərə baxmayaraq, Ermənistan hakimiyyəti xarici təzyiqlər qarşısında geri çəkilməyəcək. Çünki, Koçaryan-Sarkisyan rejimi üçün ən başlıca vəzifə hakimiyyəti saxlamaqdır: «Lakin ölkə daxilindəki vəziyyətdən, müxalifətin və əhalinin reaksiyasından asılı olaraq, rejimin vəziyyəti çətinləşəcək».
|