Bu gün Milli Məclis yanında Toponomiya Komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Lerik rayonunun Azərbaycan kəndinin adının dəyişdirilərək Günəşli adlandırılması ilə bağlı məsələ müzakirə olunub. Komissiyanın sədri, akademik Budaq Budaqov bildirib ki, prezidentin həmin rayona səfəri zamanı kəndin adını görərkən təəccüblənib və məsələnin araşdırılaraq müvafiq tədbir görülməsini tövsiyə edib. B. Budaqov deyib ki, artıq məsələ ilə bağlı komissiyaya Lerik rayon İcra Hakimiyyətindən müraciət daxil olub. Müraciətdə kəndin adının ölkənin adı ilə eynilik təşkil etməsinin hüquqi əhəmiyyətli faktların qeyd edilməsində çaşqınlıq yaratdığı əsas gətirilərək "Azərbaycanın" "Günəşli" ilə əvəzlənməsi xahiş edilir. Komissiya üzvləri müraciəti müsbət qarşılayıblar. Bu barədə qərar parlamentin növbəti iclaslarının birində qəbul olunacaq.
|