“Qalatasaray”ın baş məşqçisi Karl Hanyts Feldkamp bu gün Türkiyə kubokunun “Fənərbaxça” ilə təkrar 1/4 final matçında meydana sürpriz heyət buraxacaq. Türk mətbuatının yazdığına görə, alman çalışdırıcı superliqanın son turunda zəif təsir bağışlayan Karruska, Barusso və Nondanı heyətə daxil etməyəcək. Əvəzində Hakan Şükür, Arda, Barış və Mehmet Topalın ilk dəqiqələrdən meydanda olacağı bildirilir. Təcrübəli çalışdırıcının şans verməyi düşünmədiyi əcnəbi futbolçuları həftə sonu “Beşiktaş”la görüşdə də ehtiyatda saxlayacağı istisna olunmur.
Yada salaq ki, “Şükrü Saracaoğlu”nda Türkiyə kubokunun 1/4 matçının ilk görüşündə “Fənərbaxça” əzəli rəqbinin qapısına yol tapa bilməyib (0:0).