TOLİKƏ ƏVVƏLKİ QƏDƏR PARA VERMİRLƏR Anatoli Ponomaryov: “Qiymətimi qaldırmaq istəyirəm” “Azərbaycanda iddialı ilə zəif klublar arasında səviyyə fərqi böyükdür. Ancaq meydançaların pis vəziyyətdə olması səviyyə fərqini göstərməyə problem yaradır. Üç il öncə oynadığım vaxtda meydançalar necə idisə, indi də elədir. Belə bərbad ot örtüyündə futbolun səviyyəsi aşağı düşür” . Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında üç illik fasilədən sonra yenidən Azərbaycan çempionatında çıxış edən Anatoli Ponomaryov deyib. “Bakı” klubunun yeni transferi geri qayıtmasından peşman olmadığını söyləyib: “Yenidən Azərbaycanda oynamaq mənim üçün maraqlıdır. Geri qayıtmağı oyun praktikasına ehtiyacımın olması ilə bağlamaq düzgün olmazdı. Çünki ötən il İsveçin ”Östers" klubunun heyətində daim meydana çıxırdım. “Qarabağ” da olduğu kimi, “Bakı” da da hazırlıq prosesi məni razı salır. Yalnız “İnter” də Anatoli Konkovun çalışdırdığı komandada problemlə üzləşirdim". 26 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, hazırda ölkəmizdə çıxış edən futbolçular əvvəlki dövrlə müqayisədə çox qazanırlar: “Azərbaycanda ilk çıxış etdiyim dövrlə müqayisədə qazancım azdır. Halbuki, 2004-cü ildə ”Qarabağ" da çıxış etdiyim zaman nəinki klubda, Azərbaycanda ən yüksək ödənişli futbolçulardan biri idim. Görünür, vətəndən kənarda çıxış etməklə, unudulmuşam və qiymətim aşağı düşüb. Yenidən yaxşı oyun nümayiş etdirməklə, əvvəlki səviyyəmi qaytarıb, həm də qiymətimi qaldırmaq fikrim var. Bunu gerçəkləşdirməyə çalışacağam".
|