Aqil Xəlil bu gün zeytun bağlarında fotoçəkiliş aparmaq istəyərkən iki məmur tərəfindən zorakılığa məruz qalıb
«Azadlıq» qəzetinin müxbiri döyülüb. Bu barədə məlumatı ANS PRESS-ə qəzetin baş direktoru Azər Əhmədov verib. Onun sözlərinə görə, qəzetin müxbiri Aqil Xəlil fevralın 22-də saat 17 radələrində 6-cı mikrorayonda "zeytun bağları" deyilən ərazidə fotoçəkiliş aparmaq istəyərkən zorakılığa məruz qalıb. Çəkiliş vaxtı iki nəfər dövlət məmuru ona yaxınlaşaraq burada nə iş gördüyünü soruşub və vəsiqəsini tələb ediblər. Vəsiqədə «Azadlıq» qəzetinin adını gördükdə isə qəzetin ünvanına söyüşlər səsləndriblər. Bundan sonra Aqil Xəlilə sillə vuraraq, onu yerə yıxıblar. Məmurlardan biri onun ayaqlarını bağlamaq istəyib. Digəri isə fotoaparatın naqilini onun boynuna dolayıb, təpikləməyə başlayıb. Müxbir çətinliklə hadisə yerindən qaça bilib. Qaçarkən onun şərfi, portmanatı, fotoaparatın qabı hadisə yerində qalıb. Baş direktor bildrib ki, Aqil Xəlil hadisə zamanı ciddi xəsarətlər alıb. Onun sağ əlinin barmaqları sınıb, üzündə, alınında və boynunda izlər qalıb. Faktla bağlı artıq polis bölməsinə müraciət edilib. Qeyd edək ki, Aqil Xəlil onu döyən məmurların şəkillərini çəkə bilib.
|