Xəbərlər buraxılışı zamanı aparıcının masası üzərindən tarakanın qaçması səbəbi ilə Türkmənistanın mərkəzi televiziyasının bir sıra əməkdaşları tutduqları vəzifələrdən azad ediliblər. Xoşagəlməz hadisə xəbərlərin axşam blokunda baş verib. Tarakan aparıcının əyləşdiyi masanın bu başından o başına tələsmədən səyahət edib. Maraqlıdır ki, bir neçə saatdan sonra efirə getmiş təkrar buraxılışda rejissorlar yenə də tarakanlı kadrları tamaşaçılara nümayişləyiblər. Məhz elə səhər saatlarında təkrar nümayiş zamanı arzuolunmaz həşəratı ekranlarda Mədəniyyət Nazirliyinin xüsusi təftiş komitəsinin əməkdaşları görüblər. Bu qurum televiziya verilişlərinə nəzarət edir və çatışmazlıqları qeydə alır. Hadisə nəticəsində telekanalın təqribən 30 əməkdaşı cəzalandırılıb. Bəziləri canlarını töhmətlə qurtarsalar da, digərləri işdən azad ediliblər. Cəzalananlar sırasına redaktorlar, rejissorlar, operatorlar və texniki personal daxildir. Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov dəfələrlə milli televiziyanı maraqsız materialların nümayişinə görə tənqid atəşinə tutub.
|