Reklam çarxlarının həmin kanallarda yerləşdirilməsi üçün dövlət büdcəsindən 1,5 milyon manat vəsait ayrılıb
Azərbaycanın
turizm potensialının təbliği məqsədilə dövlət büdcəsindən vəsait
ayrılacaq. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun
sözlərinə görə, dünyanın bir neçə tanınmış telekanalında Azərbaycanla
bağlı reklamlar nümayiş etdiriləcək: «Biz bu il müddətində CNN
telekanalı ilə müqavilə bağlamışıq və Azərbaycanla bağlı gün ərzində 5
dəfə Azərbaycanla bağlı reklam çarxı nümayiş etdiriləcək. Orada həm pik
saatlarında, həm də insanların işdə olduğu vaxtlarda reklamlarımız
var». Əbülfəs Qarayevin sözlərinə görə, fevralın 14-də imzalanmış yeni
bir sənəddə martın əvvəllərindən biz Euronews telekanalında ingilis,
fransız və rus dilində yayımlanan verilişlərdə həmin reklamların Avropa
tamaşaçıları üçün yerləşdirilməsini nəzərdə tututulur. Bundan başqa,
sırf turizm və səyahət sahəsini əhatə edən Travel chanel və National
geographic chanel telekanalları ilə də müqavilə bağlanıb: «Bu, son
deyil. Biz həm Travel chanel, həm də National geographic chanel
kanallarının mütəxəssislərinin Azərbaycana dəvət olunması ilə bağlı
danışıqları davam etdiririk. Ümidvarıq ki, 2008-ci il ərzində onlar
gələcəklər və həmin kanallarda xüsusiləşdirilmiş verilişlər silsiləsi,
yaxud, uzunmüddətli proqramın hazırlanması nəzərdə tutulur. Bunun üçün
prezident İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsindən vəsait
ayrılması planlaşdırılır». Nazirin sözlərinə görə, bu məqsədlərlə
dövlət büdcəsindən 1,5 milyon manat vəsait ayrılacaq./ANSPRESS/
|