Azərbaycan peykinin orbitə buraxılması ilə bağlı təkliflərini 10-15 günə Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycan peykinin orbitə buraxılması ilə bağlı konkret təkliflərini yaxın 10-15 gün müddətində Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edəcək. Nazirliyin fəaliyyətin koordinasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev “APA-Economics”-ə bildirib ki, bu təkliflərdə peyk barədə texniki məlumatlar, peykin yayım zonasının harada yerləşdirilmək istəyi və s. əksini tapacaq. BTİ isə bu müraciətə əsaslanaraq Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkənin adını açıqlayacaq. Azərbaycan həmin ölkə ilə kanalların razılaşdırılması istiqamətində işləyəcək. BTİ-nin Azərbaycana bu müraciətdən sonrakı 30-40 gün müddətində cavab verəcəyi gözlənilir. Q. Abdullayev bildirib ki, orbitdə peyki olan ölkələrdən Azərbaycana təkliflərin daxil olması üçün 4 ay vaxt verilsə də, onlardan yalnız birindən-Səudiyyə Ərəbistanından müraciət gəlib və məsələlərlə bağlı müzakirələr aparılması təklif edilib. Nazirlik nümayəndəsinin sözlərinə görə, peykin hazırlanması ilə bağlı təkliflər də yekunlaşdırılır. Yaxın 1 ay ərzində bu təkliflər hökumətə təqdim ediləcək. Daha sonra isə peykin hazırlanması üçün tenderin elan edilməsi nəzərdə tutulub.
|