Hindistan kinematoqrafı özünün son illərdəki rekord nailiyyətini təzələyib.
Fevralın 24-də açıqlanan statistikaya əsasən, tarixində ilk dəfə olaraq Hindistan kino sənayesi təkcə bir il ərzində - 2006-cı ildə ekranlara 1091 tammetrajlı film çıxarıb. Məlumatı Rusiyanın ITAR-TASS agentliyi yayıb.
Hindistan Kino Federasiyasının katibi Supran Sen deyir ki, «artıq dördüncü ildir ki, sabit artım tendensiyası müşahidə olunur. 2003-cü ildə 842, 2004-cü ildə 900-dən çox, 2005-ci ildə isə 1042 yeni bədii film çıxıb».
Hindistan dünyada bədii filmlərin əsas istehsalçılarından biri sayılır. Hind filmlərinin prokatından əldə olunan mənfəət bu yaxınlarda 20 milyard dolları ötüb.
|