AZAY QULİYEV ZABİTİN HƏBSXANADAKI SAXLANMA ŞƏRAİTİNƏ NƏZARƏT ETMƏYİ VACİB SAYIR
"Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan tərəfinin müəyyən addımlar atması üçün bütün hüquqi prosedur imkanları var". Bu sözləri "Media forum" saytının əməkdaşı ilə söhbətində Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev deyib. A.Quliyevin sözlərinə görə, ermənilər R.Səfərovun başına 500 min dollar pul qoyublar: "Bunu ermənilər özləri bəyan ediblər. Deməli, ermənilər bütün imkanlardan yararlanıb onun aradan götürülməsi planını həyata keçirməyə cəhd edəcəklər. Bunun qarşısını almaq, eyni zamanda Ramil Səfərovun bütövlükdə Budapeşt həbsxanasında saxlanma şəraitini nəzarətdə saxlamaq ən vacib məsələdir". Millət vəkili bununla bağlı müəyyən addımların atılacağını istisna etmir. O deyib ki, artıq bu istiqamətdə iş gedir və sadəcə, mətbuat R.Səfərovun sonrakı taleyini nəzərə alıb həmin prosesin detallarını açıqlamamalıdır.
|