Tarkan «Metamarfoz» albomunun tanıtım konsertini Bakıda verəcək
Konsertə biletlərin qiyməti 50 manatdan 300 manatadək olacaq
Meqastar Tarkan «Metamarfoz» albomunun ilk tanıtım konsertini Bakıda verəcək. Bu barədə məlumat artıq müğənninin rəsmi internet səhifəsində yerləşdirilib. «İstiot» jurnalının yaydığı xəbərə görə, konsertin təşkilatçısı yenə də Nahid Eminoğludur. Proqram may ayının 10 və 11-də Yaşıl Teatr Konsert Kompleksində keçiriləcək. Artıq proqramla bağlı reklam çarxları və afişaların hazırlığına başlanılıb. Konsertə biletlərin qiyməti 50 manatdan 300 manatadək olacaq. Mayın 10-da baş tutacaq ilk konsert ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Proqramda meqastar «Metamarfoz» albomuna daxil etdiyi mahnılarla yanaşı, sevilən hitlərini də səsləndirəcək. Konsert 90 dəqiqə davam edəcək və müğənni heyranlarına bir çox sürprizlər vəd edir. Tarkan bu dəfə də Bakıdakı ən bahalı mehmanxanalardan birində qalacaq. Müğənninin tələblərinə əsasən, onun otağında mütləq təbii güllər olmalıdır. /ANS PRESS/
|