100 min dolları oğurlayan digər şəxsin axtarışları isə davam edir.
Yanvarın 21-də Binəqədi rayonu, Naxçıvani küçəsində "NBC" bankının xəzinədarı Yaşar Əhmədovun qarət edilərək avtomobilindən 100 min dolların oğurlanması ilə bağlı cinayət işinin istintaqı davam edir. Əməliyyat axtarış tədbirləri nəticəsində qarətçilərdən biri saxlanılıb. Bu barədə "OLAYLAR"a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində basqınçı elə Binəqədi rayonu ərazisində saxlanılıb. Hazırda hadisəni törədən digər basqınçının saxlanması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam edir.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəis Cəbrayıl Həsənov isə "OLAYLAR"a bildirib ki, saxlanılan şəxs barədə ictimaiyyətə açıqlama verilmir. Bölmə rəisi bunun istintaq sirri olduğunu deyib. Onun sözlərinə görə, istintaqın nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
|