BULVARDA 41 MİLYON DOLLARLIQ CAH-CƏLAL
«Gün səhər» yazır ki, yaxın vaxtlarda Bakı bulvarının görkəmi tamamilə dəyişəcək. Milli parkın düz mərkəzində «Park Bulvar» adlı mərkəz inşa olunacaq
«4 mərtəbəli ticarət mərkəzində qonaqlar şəhərin və Xəzər dənizinin gözəl mənzərəsini seyr edə biləcəklər. Bu binanın arxitektura üslubu Neftçilər prospekti və geniş bulvarla həmahəng görünəcək. Layihənin tərtibatı zamanı bu yerin funksionallığı, komfort və mədəni aspektləri də nəzərə alınıb».
Bu mərkəz pərakəndə satış və istirahət nöqtələrinin, 8 ekranlı kinozalın, yeməkxanaların və supermarketin yerləşməsi üçün 15.371 kvadrat metr sahəni əhatə edir. Binanın zirzəmisində 470 avtomobil üçün dayanma yerləri təmin ediləcək. 7500 kvadrat metrlik ərazidə tikilməsi planlaşdırılan «Park Bulvar»ın layihəsinə 41,5 milyon ABŞ dollar dəyərində vəsait sərf olunacaq.
Qəzet yazır ki, hələlik bu ticarət və əyləncə mərkəzinin Azərbaycanın oliqarxlarından kimə məxsus olduğu bilinmir. O da ola bilər ki, obyekt Azərbaycan iqtidarı ilə yaxşı münasibətləri olan xarici iş adamlarından birinə məxsus olsun.
|