DÜNYA ƏHALİSİNİN YARISI MOBİL RABİTƏDƏN İSTİFADƏ EDİR
Ancaq bu heç də hər iki nəfərdən birinin mobil telefonu var demək deyil.
Mobil rabitə ilə bağlı aparılan tədqiqatlar nəticəsində məlum olub ki, dünyada yaşayan əhalinin yarısı mobil rabitədən istifadə etdir. “İnforma telekoms and media” tədqiqat şirkətinin məlumatına görə, dünyada mobil telefon istifadəçilərinin sayı 3,3 milyard nəfərə çatıb. Başqa sözlə, indi yer üzündə yaşayan hər 2 nəfərdən biri sabit telefonla yanaşı mobil telefondan da istifadə edir.
Amma bu ilk baxışda belədir. Adı çəkilən şirkətdə bildirirlər ki, bəzi ölkələrdə mobil rabitənin səviyyəsi çoxdan 100 faizi ötsə də, həmin ölkələrdə hələ də mobil-telefonu olmayanlar var. Bu isə onunla bağlıdır ki, eyni adam bir neçə telefondan və nömrədən istifadə edir. Belə vəziyyət isə, əsasən, yoxsul ölkələrdədir.
Məsələ ondadir ki, inkişaf etməkdə olan ölkələrin bazarlarına daha çox ucuz telefon modelləri çıxarılır. Bu isə, istehsalçılar üçün əsas qazanc mənbəyidir. Qeyd edək ki, indi dünyanın 224 ölkəsində mobil rabitədən istifadə olunur ki, bu da 10 il bundan əvvəllə müqayisədə 32 ölkə çoxdur. 1987-ci ildə isə, cəmi 35 ölkədə mobil telefonla danışırdılar.
|