Azərbaycan «Odessa-Brodı» boru kəməri ilə hər il 5 milyon ton neftin nəqlini təmin etməyə hazırdır.
Sonradan bu xammalın Qərbi Ukraynanın neftayırma zavodlarında emal edilməsi nəzərdə tutulur
«Azərbaycan «Odessa-Brodı» boru kəməri ilə hər il 5 milyon tonadək həcmdə neftin nəqlini təmin etməyə hazırdır. Sonradan bu xammalın Qərbi Ukraynanın «Nefteximik Prikarpatya» və «Qaliçina» neftayırma zavodlarında emal edilməsi nəzərdə tutulur». Bunu Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bu ölkənin yanacaq və energetika naziri Yuri Prodan ilə bu gün keçirilən görüşdə bildirib.
Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri müzakirə olunub. T.Əliyev qeyd edib ki, Azərbaycan il ərzində 5 mln. tonadək neftin «Odessa-Brodı» marşrutu ilə göndərilməsini təşkil edə bilər. Y.Prodan isə öz növbəsində enerji sahəsində əməkdaşlıq və enerji resurslarının nəqletmə imkanlarının diversifikasiyası məsələlərinin bu ilin may ayında Kiyevdə enerji təhlükəsizliyi ilə bağlı keçiriləcək sammitdə müzakirə olunacağını bildirib.
Bununla yanaşı, T.Əliyev vurğulayıb ki, Azərbaycan Dövlət Neft Şirkəti Ukraynada neft emalı və Avropa bazarına neft məhsullarının satışının təşkili ilə bağlı layihələrin icrasında maraqlıdır. Həmçinin, səfir Azərbaycandan Ukraynaya xam neftin nəqlinin təşkili üçün müştərək müəssisənin yaradılması təklifini də irəli sürüb. Y.Prodan bu məsələlərin araşdırılmasını şəxsən diqqətdə saxlayacağını bildirib.
|