Tarkanın konsertinə biletlərin
qiyməti 50-300 manat arasında olacaq
2008-ci ilin yanvarından Türkiyənin meqa-starı Tarkanın mayın 10-11-də Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertinin reklamına start veriləcək. Bunu açıqlamasında konsertin təşkilatçısı “SƏS Organization”un rəhbəri Nahid Emiloğlu deyib. Artıq reklam çarxlarının və afişaların hazırlanmasına başlanıldığını bildirən təşkilatçının sözlərinə görə, Tarkan bakılı pərəstişkarları qarşısına bu günlərdə işıq üzü görəcək ən yeni albomu ilə çıxacaq: “Tarkanın Bakıdakı konsertində sürprizlər gözlənilir. Bu sürprizləri ancaq iki günlük konsertə qatılacaq tamaşaçılar görəcək. Düşünürəm ki, bu layihəmiz çoxlarını sevindirəcək”. Təşkilatçının sözlərinə görə, iki günlük konsertin biletlərinin qiyməti 50-300 manat arasında olacaq. Mayın 10-da keçiriləcək ilk konsert mərhum prezident Heydər Əliyevin doğum gününə həsr ediləcək. Layihəyə qoşulmaq arzusunda olan şirkətlər 050-597-99-11 (Gülşən xanım) mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Konsertlə bağlı fikir və düşüncələrini, eləcə də istəklərini bildirmək istəyənlər ses@info.az, birbaşa təşkilatçı Nahid Emiloğlu ilə əlaqə saxlamaq istəyənlər isə nahid@ses.az ünvanına məktub göndərə bilərlər.
|