Maskalılar onun ailə üzvlərinin əl-qolunu bağlayıb 100 min manat apardılar Dekabrın 29-dan 30-na keçən gecə “UNİ” klinikasının direktoru Əli Qurbanovun evinə maskalılar basqın edib. Verilən məlumata görə, Binəqədi rayonu, Naxçıvani küçəsi ev-25 ünvanında yerləşən mənzillərdən birində yaşayan Ə.Qurbanovun evinin qapısını döyən naməlum şəxs özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edib. Direktorun həyat yoldaşı mənzilin qapısını açanda içəri bir neçə maskalı şəxs soxulub.
Həmin vaxt mənzildə olan Ə.Qurbanovun, onun anası Mina İsgəndərovanın və həyat yoldaşı Raidə Qurbanovanın əl-qollarını telefon naqili ilə bağlayan maskalılar soyuq silah hədəsi ilə onlardan pul, qızıl-zinət əşyaları tələb ediblər. Mənzilin altını üstünə çevirən maskalılar oradan 100 min manat pul və ÿxeyli qızıl-zinət əşyası götürərək aradan çıxıblar.
Məlumatı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən təsdiqlədilər. Lakin cinayətkarların tutulmadığını əsas gətirib əlavə açıqlama verməkdən imtina etdilər. Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, adı çəkilən klinikanın Milli Məclisin spikeri Oqtay Əsədova məxsusluğu haqda redaksiyamiza səhih bilgi verilib.