Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2017-09-22, 13.42MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Dekabr » 14 » “Qızım ərə getsin, elə bilərəm torpaqları da aldılar, Məşhədə də getdim-gəldim...”
“Qızım ərə getsin, elə bilərəm torpaqları da aldılar, Məşhədə də getdim-gəldim...”
08.05
“Qızım ərə getsin, elə bilərəm torpaqları da aldılar, Məşhədə də getdim-gəldim...”


   
 
 
Cəbrayıllı məcburi köçkün Şövkət Şəfiyevanın gözündə Azərbaycan gül kimi ölkədir

Deyirəm, “Ya Allah!” deyibən, qəttəzə bir rübrikaya başlayaq - “Onun Azərbaycanı” . Azərbaycan insanının yaşadığı ölkə, cəmiyyət, yer barədə düşündüklərini, fikirlərini öyrənək. Onun gözündə Azərbaycan nədir? Necə ölkədir? Problemləri hansılardır? Onu nə narahat edir? Bu insanların arzularını, dərdini, rəyini öyrənək deyə işindən, yaşından, mövqeyindən, sağçı-solçu, iqtidar-müxalifət, klassik-postmodernistliyindən asılı olmayaraq, söhbətləşək. Rubrikamızda hamı iştirak edər bilər. Ən sadə azərbaycanlıdan, ölkənin taleyüklü məsələlərini həll edən ən nüfuzla, rütbəli adamlara qədər. Biz aşağıdan-yuxarıya başladıq.

Beləliklə, ilk müsahibimiz Cəbrayıl rayonundan məcburi köçkün düşmüş 47 yaşlı evdar qadın Şövkət Şəfiyevadır. “Xanım” sözündən, özü demişkən, “əti töküldüyü” üçün ona çox xoşlandığı “bacı” müraciəti ilə başladıq.

- Bacı, Azərbaycan necə yerdir?

- (baş barmağını dikəldir) Azərbaycan, bax, belə yerdi! Nəəlif, gül kimi ölkədi. Havası hava, suyu su. Adamları da yaxşıdı. Yadı yağı doğrasın, özümüzünkülər hayıf dəyilmi?! Dolanışıq da ki, şükür allaha, pis deyil.

- Axı, çox adam deyir ki, ölkədə kasıbçılıqdı, dolanmaq olmur…

- Onu deyən qələt eləyir. Başın da daşın lap yekəsinə döyür. Kim dolana bilmirsə, öz müstərriyinin ucbatından dolana bilmir. Canını zəhmətə vermək istəməyən dolana biməz dayna. Yox bir, oturacaqsan evdə, dolanışıq da öz-özünə gələcək? Gərək çabalayasan ki, dolana da biləsən. Çoxu elə bilir Rusettə, nə bilim orda-burda yel əsib, qoz tökülüb. Ora dolanışıq dalınca gedirlər. Görürük dayna ordan qayıdanların günün. Hamısı orada eşşək kimi əlləşir, çabalıyır, pul qazanır. Burda da o cür işləsələr, elə o qədər qazanarlar, ta gedib canlarını o Uruset “maroz”una niyə verirlər? Öz də, bala, heç bir ölkədə işləməyə-işləməyə pul qazanmaq, dolanmaq olmaz – amma Azərbaycanda olar. Allah verib, odey, neçə ailəni özüm tanıyıram, bir evdən heç kim işləmir, amma gül kimi dolanırlar.

- Hakimiyyətlə aran necədi?

- Mənim hakimiyyətnən-zadnan heç bir işim yoxdu. Hakimiyyət pis oldu, maa nə? Yaxşı oldu maa nə? Mən başımı aşağı salıb, kəndçiliyimi eləyirəm. O kim ki, dolanışıq-zad ucbatınnan hökümətə qarşı çıxır haa, axmaq adamdı. Hökumət adam dolandırmır ha! Tutaq ki, mən bostanımı əkmirəm, mal-qoyunumu becərmirəm, bax, ona hökumət neynəsin? Hökumət gəlib mal-heyvan otaracaq?

- Yaxşı, deyək ki, hökumətin sizə dəxli yoxdu, bəs məmurların, məmur balalarının özbaşınalığı-zad sizə təsir eləmir?

- Bala, sən deyən şeyin yuxarıynan-aşağıynan bir əlaqəsi yoxdu ha! O yekəxanalıq bizim qanımızdadı. Yekə adamın oğlu olsun, ya balaca adamın oğlu olsun – fərqi yoxdu. Hamısı birdi. Odey, mənim kişim həkimdi. Buralarda babat hörməti var. Oğlum onun hörmətinə arxayın olub, qaişnikin yanında maşını iki təkər üstə sürür. O allaha and olsun, kişim nazir-zad olsaydı haaa, o uşaq maşını bir təkər üstə sürərdi! Mənim kimi kəndçinin balası belə eləyəndə, o yekələrin balalarına nə düşüb? Hamımız qudurğanıq dayna!

- Sovet vaxtı yaxşıydı, yoxsa indi?

- (fikrə gedir) Nə bilim? Qəliz məsələdi... Düzdü, indi adamın öz əli, öz başıdı, heç kim heç nəyə görə dəyib-dolaşmır, amma nəysə elə bil əvvəlki vaxtın dadı-tamı başqaydı e. O vaxt zəhmətkeşə qiymət verən vardı. Amma çox da incidirdilər. Dədəm çobanıydı, ikimərtəbəli ev tikdirmişdi. Gündə biri gedirdi, biri gəlirdi – ki, sən çoban babasan, bu boyda evi nəynən tikdirmisən? Amma indi lap saray tik, kimin nə borcuna? İntəhası, indi də o sarayı tikməyə imkan var? Lap açığına qalsa, maa heylə bir fərqi yoxdu. O vaxt da zəhmətkeşiydim, işdən-gücdən qalmırdım, indi də. Yenə deyirəm, bizim kimi “prastoy” adama hökümətin-zadın heç bir dəxli yoxdu.

- Bacı, qəzet-jurnal, kitab-zad oxuyursan?

- Qabaqlar, gözüm babat görəndə oxuyurdum. Qış düşəndə də o rəhmətlik İlyas Əfəndiyevin kitablarından-zaddan götürüb, özümü verirdim peçin böyrünə. Onun əsərləri qışda yaxşı gedir. Həm də axı yayda bağ-bostan olur, kitaba-qəzetə vaxt hardandı? Sonra şəkərim çıxdı, gözümə toran gəldi, tay əvvəlki təkin yaxşı kar kəsmir. Həm də o həriflər dəyişib, latın (latın əlifbasını nəzərdə tutur - G.M.) çıxandan bəri nə qəzet oxuya bilirəm, nə jurnal.

- Həbs olunan jurnalistlərdən xəbər tutdunuz?

- Tutdum, tutdum. Nə bilim ee, həm yazığım gəlir… həm də hirslənirəm. Əşi, ağızlarına gələni yazmasınlar, tutulmasınlar dayna! Günahsız adamı, bala, türməyə basmazlar. Məni niyə tutmurlar?!

- Bəs, bu əsgərlərin vəziyyətindən nə deyə bilərsən?

- Vallah, bala, düzdü, yenə də hökuməti, ofserləri-zadı qınayırıq ki, nə bilim orda özbaşınalıqdı, əsgəri bit aparır, yeməyi pisdi… amma adamın üstündə Allah var axı. Tay əsgərliyin heç bir əziyyəti olmasa, elə evdəki kimi rahatlıq, kef olsa, tay onda uşağı əsgər nəyə aparsınlar ki? Elə qoyarlar, evdə oturar dayna. Ora aparırlar ki, uşaq bərkisin, səhər də allah eləməmiş dava-zad olsa, möhkəm dayansın. (Üz-gözünü qırışdırır) Əşi, elə bizim uşaqlar ölüvaydılar! Burunları qanamamış, qaçırlar ata-ananın üstünə…

- Uşaqların məktəbi, tələbəliyi necə keçir?

- Nə bilim, qız ali məktəbi öz gücünə oxudu, qurtardı, heç xəbərim də olmadı. Sözün düzü, imtahana pulumuz-zadımız çıxmadı. Amma gədələr oxuyan zibil deyildi. Mən də dedim, balacadan onsuz da adam olan deyil, heç olmasa ortancıl gədəni oxudum. Babat boylu-buxunnu uşaqdı, yekə məktəb oxusun, dost-tanışın yanında boynu bükük qalmasın. Səhər qız-zad istəyəndə də qız qapısına ürəkli gedək ki, oğlumuz ali məktəb oxuyub. Hə, nəysə, tanış müəllim vardı, dedi, bajı, 700 dollar ver, aparım köçürdüm universitetə, oğlun gəlsin, oxusun...

- Hansı Universitetə?

- Vallah, üç-dörd ilin söhbətidi, yadımnan çıxıb. Nəysə deyirdi ki, oxuyub gömrükdə... yadıma düşmədi adı, nəysə dana, iş yiyəsi olacaq. Mən də 700 dollar verdim müəllimə. İt də getdi, ip də getdi. Nə uşağı məktəbə götürdülər, nə pulu qaytardılar. Mən də dedim, canım cəhənnəmə. Heç yerə də şikayətə-zada da getmədim. İtaparan olsun. Öz günahımdı, denən, uşaq oxuya bilir, oxusun, oxuya bilmirsə, tay Saybalını döyə-döyə yasa aparan dəyilsən ha…

- Bu nə deməkdi?

- Heç nə bala, məsəldi dana…

- Soruşmaq ayıb olmasın, o vaxt 700 dolları hardan almışdın? Axı o vaxtlar az pul deyildi 700 dollar…

- (gülür) Aaz, birəz pensiyamnan, yardımpulunnan-zaddan yığmışdım dayna, kişidən xəlvət. Birəzin də Urusettə qaynım var, o “padarka” əvəzinə pul vermişdi, onu qoydum ustunə. (Şəhadət barmağını dodağının üstünə qoyur) Sən canın, bunu yazma, kişi bilmir. Hamısını topaladım ki, səki, özümə “kamplekt” qızıl alım. Tay, bu iş çıxdı, verdim, getdi. Nəysə, kişidən xəlvət iş tutmaq maa düşmədi. Tay özümə söz vermişəm, kişidən gizdin heç nə eləmərəm…

- Bəlkə, rüşvət vermisən deyə, haram iş alınmayıb.

- Bala, bizdə rüşvət yoxdu ha. Bizdə şirinlik var. Müəllimdi, həkimdi, lap elə jurnalistdi - gərək könlünü xoş eləyəsən ki, işin ürəknən görsün. Onların da balaları var, onlar da ailə saxlamalıdı. Belə şeyə pis baxmaq lazım dəyil. Rüşvət nədi? Bax, indi sən mənnən müsahibə alırsan, əziyyət çəkirsən. İndi bacın (əlini sinəsinə vurur) durub sənə bir hinduşka kəsəcək, pay qoyacaq. İndi bu oldu rüşvət? Sənə belə pay qoyuram, yekə işi aşıranın da payın lap çox eləyirəm. Bu rüşvət dəyil ha! O ki qaldı həmin mənnən pul alan müəllimə, ona rüşvət kimi verməmişdim ha, o pulu. Dedi ki, təhsil haqqıdı. Nəysə dana, aldandım…

- Bacı, bu müğənnilərlə aran necədi?

- Hamısını tanıyıram. Nə bilim, yaxşı oxuyanı da var, efirə çıxıb, səy-səy danışanı da. Saa bir şey deyim, şəxsən mənim o açıq-saçıq geyinənlərə acığım tutmur. Bizim cavanlığımızda Alla Puqaçova ömür boyu bir dar-dütdək yubkada olardı. Amma kişinin qızı yaxşı da oxuyurdu dana. Adam soyunar da, geyinər də - müğənnidi dana, artistdi. Ode, mənim gədəm heç artist-zad da dəyil, amma saçın uzadıb, gətirib düz çiyninə. Cinsin də dizin deşikliyib, sonra geyinir. Müğənni təki yaxşı oxusun. Yaxşı oxuyana hər şeyi bağışlamaq olar.

- Bacı, arzun var?

- (Köks ötürür) Sözün düzü, bir-iki il bundan qabaq Həccə getmək istəyirdim. Sonra dedilər ki, Həccə gedib-gələndən sonra gərək başını örtəsən. Tay Hacıxanım olandan sonra başıaçıq gəzmək ayıbdı. Vallah, bala mənim də hövsələm darıxır o yaylıqda. Örtürəm ee, amma çöldə-bayırda, soyuqda-zadda. İndi uşaqlara deyirəm ki, məni heç olmasa Məşhədə göndərsinlər. Düzdü, Məşhədin “zvanyası” Hacıdan aşağıdı, amma həm ucuzdu, həm də yaxındı. Nə bilim, qız da deyir ki, sən Məşhədə getsən, səni dindirməyəcəm. Ölkədə uşaqlar dilənir, sən pulu aparıb İranın saqqallılarına yedirdəssən? Mən də qalmışam odnan-suyun arasında. Heç bilmirəm, neyniyim? Əşi, Allah göydən baxır, o görür ki, mən getmək istəyirəm, buraxmırlar. Günahımdan keçər...

- Torpaqlarımızın alınacağına inanırsan?

- Vallah, a bala, on dörd ildi biz bu çöllərdəydik. Çadır sənin, vaqon mənim… indi-indi bizi yığıblar qəsəbələrə. Yaxşı da ev tikdiriblər. Hər şeyi var. Allah canların sağ eləsin. Neçə ildi, bizi ac-susuz qoymadılar. Yardımı-zadı kəsmədilər. İndi qaçqının da gərək insafı ola, özü də çapalaya. Yoxsa evdə oturub, gözün hökumətin əlinə dikməyə. İndi torpaqdı dana, alarlar – alarlar, almazlar, canları sağ olsun. Asand iş dəyil ha. Bir ailənin ağzın-gözün bir yerə yığmaq olmur – qız bir söz deyir, arvad bir söz, gədə bir söz. Evin kişisi də qalır çıxılmaz vəziyyətdə. O da qaldı bu yekəlikdə ölkə ola. İdarə eləmək olmur dana.

- Bax, sənin ən böyük problemin nədi?

- Mənim qızımın 28 yaşı var, ərə getmir. Müğənnilər müğənniliyiynən ərə gedir, bu dirənib, getmir. Ondan başqa heç bir problemim yoxdu. O ərə getsin, elə bilərəm ki, torpaqları da aldılar, Məşhədə də getdim-gəldim. Heç şəkərim də məni belə incitməz. Vəssalam.

- Bacı, bəs, xalqın dərdi…

- Az, bilirsən nə var?! Xalqın dərdi-zadı yoxdu, özündən peşə çıxartma. Mənim də xalq dərdi çəkməyə halım yoxdu. Sən də öz dərdinə ağla – xalq dərdi sənə qalmayıb. Dur gəl hinduşkanı ye...

Hazırladı: Günel

LENT.AZ

Category: Azərbaycan | Views: 568 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017