Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 09.51MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 20 » Mənəviyyatın qıtlığı fenomeni
Mənəviyyatın qıtlığı fenomeni
00.32
Deyilənlərə görə, sovetlər zamanı iki güclü idarəetmə piramidası varmış.

Aşkar piramida partiya piramidası, gizli piramida isə partiyanın nəzarətində olan “oğrular dünyası”nın piramidası idi. SSRİ dağılandan sonra təbii olaraq partiya piramidası da dağıldı. Real hakimiyyət aşkar şəkildə gizli piramidanın əlinə keçdi.
Bu fikirlər bir fərziyyə olsa belə, SSRİ-nin dağılması həm post-sovet məkanını, həm də dünyanı xeyli kriminallaşdırdı. Dünyanın iqtisadi resurslarının xeyli hissəsini özündə cəmləşdirən bu ərazidə nizamlı quruluşun dağılması, daxili və xarici kriminal qüvvələrin əl-qolunun açılmasına əlverişli şərait yaratdı. Sahibsiz (ictimai) mülkiyyət azsaylı “zirək” adamların əlinə keçdi. SSRİ dövründə əli rüşvətə dəyməyən adamların çoxu rüşvət gölünün içərisində batdı. Bu şəraitdə hətta din xadimləri belə özlərini kənarda saxlaya bilmədilər. Bu səbəbdən də MDB məkanında qısa müddət ərzində böyük sərvət toplamaq mümkün oldu. Postsovet məkanında bu şəraitdən müxtəlif ölkələr müxtəlif cür istifadə etdilər. SSRİ-nin süqutunu fürsət bilərək, bəzi ölkələr gələcəyi, bəziləri isə cari günləri hədəfə götürdülər. Bir tərəfdən qanunların zəifləməsi, digər tərəfdən isə xaricə sərbəst çıxışın yaranması var-dövləti milyardlarla ölçülən, bəzi halda isə dövlət büdcələrindən belə çox olan insanların meydana gəlməsinə səbəb oldu. Beləliklə, “yeni ruslar”, “yeni gürcülər”, “yeni azərbaycanlılar” (və bunun kimi) adlı təbəqələr cəmiyyətə daxil oldular.
Bütün dünyada (həm də MDB məkanında) kriminal keçmişli insanların (qüvvələrin) hakimiyyətə gəlmə ehtimalı getdikcə artır. Hər ölkənin öz Berezovskiləri var. Onlar əvvəlcə dövlətdə böyük post tuturlar, sonra da qaçaraq xaricdə sığınacaq tapırlar.
XX və XXI əsrin arzuolunmaz səciyyəvi cəhətlərindən biri də iqtisadiyyat ilə mədəniyyət arasındakı harmoniyanın pozulmasıdır.
Keçən əsrin əvvəllərində Nobel mükafatı almaq həm elmi, həm iqtisadi, həm də şöhrət baxımından əlçatmaz bir zirvə idi. Bu mükafata ildə cəmi 10-15 nəfər layiq görülürdü və o zamanlar üçün böyük məbləğ sayılan 1 milyon dollar məbləğində pulla mükafatlandırılırdılar. Onlar həm də şərəf və ləyaqətini yüksək tutan, nümunəvi əxlaq və mənəviyyat normalarının daşıyıcıları idilər. Pozitiv düşüncə tərzinə malik bu insanlar bəşəriyyətin elitar təbəqəsi, intellektual və yaradıcı insanların arasında populyar idilər. Onlar bəşəri mənafeləri şəxsi mənafelərdən üstün tuturdular. Hər kəs özlərini bu insanlara oxşatmaq istəyirdi. Bu insanlara yüngül həyat tərzi yad idi. Məşhur bir lətifədə söylənilir ki, çox gözəl bir kinoulduz Albert Eynşteynə məktub yazır və ona ailə qurmağı təklif edir. Xanım məramını belə əsaslandırır: “Bizim övladımız ağılda sizə, gözəllikdə mənə oxşasa, dünyanın ən xoşbəxt insanlarından biri olar”. Eynşteyn cavab məktubunda təklifi rədd edərək yazır: “Qorxuram ki, bizim övladımız ağılda sənə, gözəllikdə mənə oxşayıb, dünyanın ən bədbəxt insanı ola”.
Dünyanın inkişaf istiqamətlərindən görünür ki, bəşəriyyətin min illər ərzində topladığı mənəvi dəyərlər tədricən aşınmaqdadır. Buna səbəb bir tərəfdən texniki tərəqqi, digər tərəfdən isə mədəni sferadakı qiqantomaniyadır. Texniki tərəqqi son üç əsri əvvəlki əsrlərdən çox ciddi şəkildə fərqləndirib. Kinonun, televiziya kanallarının geniş yayılması, 100 minlik tutumlu stadionları və konsert salonları, milyon tirajla audio, video kassetlərin satışı, mədəniyyətin bir çox sahələrini, bəzi əyləncə növlərini xeyli kütləviləşdirib. Bazar iqtisadiyyatı şəraitində böyük tutumlu stadionların, konsert salonlarının inşasında iqtisadi maraq digər maraqları çox-çox üstələyir. Bu qiqant stadionları və salonları il ərzində fasiləsiz olaraq insanlarla doldurmaqdan ötrü tarix boyu zərrə-zərrə toplanmış mədəni-mənəvi dəyərləri yavaş-yavaş qurban verirlər. “Pul hər şeyi edir”, - deyənlər pul üçün hər şeyi edirlər. Kütləni cəlb etmək üçün mənəvi, əxlaqi və etik normalara zidd, vulqar nömrələr, səhnələr kütləyə tədricən “yedizdirilir”. Toflerin “moruq cemi” qanununa görə, “mədəniyyət moruq cemi yaxması kimidir, nə qədər enli yaysan, qalınlıq bir o qədər az olar”.
Brayan Treysiyə görə isə: “Yaxşı vərdişlər çətinliklə əldə olunur, ancaq onlarla yaşamaq asandır. Pis vərdişlər, əksinə, asan öyrənilir, ancaq onlarla yaşamaq çətindir”. Tarix boyu çətinliklə əldə olunmuş yaxşı vərdişlərin yerini asan öyrənilən pis vərdişlər tutur. Populyar kinoaktrisanın, futbolçunun, boksçunun qazancı milyonlarla dollardır. Fərdi qabiliyyəti (səsi, xarici gözəlliyi, idmançılığı və s.) həmkarlarından yüksək olan belə istedadlar Nobel mükafatı laureatlarından fərqli olaraq, cəmiyyətin istənilən təbəqəsindən çıxa bildiyindən onların sayı onlarla yox, minlərlədir. Bu istedadlardan nə intellektual səviyyə, nə nümunəvi əxlaq, nə mənəviyyat, nə də pozitiv düşüncə tələb olunur. Bu insanlar çox varlı yaşadıqlarına və medianın diqqət mərkəzində olduqlarına görə çox populyar olurlar. Bir çox gənclər özlərini bu insanlara oxşatmaq istəyirlər.
Onların professional fəaliyyəti şəxsi keyfiyyətlərini kölgədə qoyur. Belə insanlar şəxsi maraqlarını bütün digər maraqlardan üstün tuturlar və yüngül həyat tərzi şəraitində yaşamaq onları narahat etmir. Nədənsə imtina etmək, hər mənada oruc tutmaq, pəhrizkarlıq bu insanların çoxuna yaddır. Nəticədə mənəviyyat sahəsində aşınma baş verir və bu mənəviyyat qıtlığı fenomeni son bir neçə yüz ildir ki, davam edir.
Bəşəriyyətin aparıcı hissəsinin diqqəti ancaq iqtisadi qüdrətin artmasına yönəlib. Həyatın digər vacib komponenti diqqətdən kənarda qalıb. Səmavi kitabların xəbərdarlıqlarına məhəl qoyulmur. Peyğəmbərlər və zəkalı insanlar tərəfindən tarix boyu yığılmış mədəni dəyərlər hiss olunacaq dərəcədə əriməkdədir.
Hesab etmək olar ki, əvvəla, “ata-oğul” konflikti iki nəsil arasında yaranmış mənəviyyat qıtlığı fenomeninin nəticəsidir. İkincisi isə bəşəriyyət varlana-varlana uçuruma tərəf yuvarlanmaqdadır. Bir Qərb mütəfəkkiri “Axırıncı çay zəhərlənəndə, axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda insanlar başa düşəcəklər ki, pulu yemək olmur” kimi müdrik bir fikir deyib. Qrenlandiya buzlaqları əriyəndə bəşəriyyət hansı təhlükə ilə qarşılaşacaqsa, tarixi-mənəvi dəyərlər əridikcə də, bənzər tale ilə qarşılaşacaq.
Bütün səmavi dinlər insanlara ədəb və yaşayış qaydaları öyrətmək məqsədi ilə nazil olub. Bizim müqəddəs kitabımız Qurani-Kərimdə qeyd olunan bir çox xalq və tayfaların kökünün kəsilməsi məhz mənəviyyat qıtlığı fenomeni ilə bağlıdır. Belə ki, Tövbə surəsinin 70-ci ayəsində deyilir: “Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı?”
Mənəviyyat və iqtisadiyyat bəşər övladının həyat vektorunun iki toplananıdır. Min illər ərzində bu toplananlar harmoniyada olanda insan şərəfli və xoşbəxt ömür yaşayır. Son yüz illər ərzində müşahidə olunan iqtisadiyyat vektorunun artımı, mənəviyyat vektorunun azalması ona gətirib çıxarıb ki, əgər belə demək mümkündürsə, “it saxlamaq, övlad saxlamaqdan” üstün tutulur. Və bu işdə din xadimlərinin də rolu böyük olub. Həyatın prioritetlərinin sürətlə dəyişdiyi çağdaş dövrdə harmoniyanı qoruyan millətlər ekrana alimini, mühəndisini, qeyri-yetkin millətlər isə müğənnisini, gözəlçəsini çıxarırlar.
Dövrün duyulan səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, ədəb və əxlaq qaydaları iqtisadiyyatın xeyrinə əriyir. İslamşünas alim Ə. Əhmədova görə, “insan əxlaqında pis əməllər - it məqamında, elmi fəaliyyət isə mələklər məqamında qərar tutur”. Bəşər övladının mələklər məqamından it məqamına yenmək təhlükəsi var. Bu da mədəniyyətin, həm də sivilizasiyanın sonu deməkdir. Söhbət bir qövmün sonundan getmir, söhbət bəşəriyyətdən gedir. Əgər qədimdə bir qövmü məhv etmək üçün Allah milçəkdən, qızmar daş yağışından istifadə edirdisə, indi “Atom bombasından” istifadə etmək Allaha zor gəlməz. Məlumatlara görə, anbarlarda olan bu silahların gücü ilə yer kürəsini 4 dəfə partlatmaq olar.
İslam mədəniyyətinin banilərindən biri olan Həzrəti Əli (r.a.) 14 əsr bundan qabaq uzaqgörənliklə söyləyib: “Bir zaman gələr ki, adamlar arasında şər işlər qeyri-şər işlərə qələbə çalar. Haram olan şeylərin haramlığına riayət edilməz; zina aşkarda edilər, yetimlərin malın yemək halal hesab olunar. O zaman sələm faizi yemək adi bir şey olar; tərəzidə kəsmək geniş intişar edər, içki-üzüm suyu adı ilə, rüşvət vermək və almaq - hədiyyə adı ilə halal edilər. Kişilər özlərini qadınlara, qadınlar isə özlərini kişilərə oxşadarlar. Allahın evinə (Kəbəyə) Həccə getməyi Allah xətrinə yox, başqa məqsədlərdən ötrü, ticarət, dünya mənfəəti üçün edərlər”.
Təbiəti insan özbaşınalığından qorumaq üçün bir çox ərazilər qoruq elan olunur və qanunla qorunur. Peyğəmbərlərin, bəşəriyyətin digər müdrik insanlarının min illər ərzində qazandığı mənəvi sərvətlərin aşınmasının qarşısını almaq üçün mədəniyyət sferasının da dünya birliyi və onun BMT kimi təmsilçi təşkilatı tərəfindən qoruq elan olunmasına böyük ehtiyac duyulur. Bu, dünya həyatında harmoniyanın bərpası üçün lazımdır.



Category: Ordan-burdan | Views: 646 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024