Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 18.57MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 12 » “HEÇ BİR RƏHBƏR MƏNƏ HÖRMƏTSİZ YANAŞMAYIB”
“HEÇ BİR RƏHBƏR MƏNƏ HÖRMƏTSİZ YANAŞMAYIB”
11.01

Anar: “Məni istəməyən adamlar qisasımı qızımdan ala bilərlər”
“Parlamentsiz həyatım firavandır”
Binanın girişinə qədəm qoyduğumuz andan havadan ənənəvi qəlyan iyinin gəlmədiyi hiss olunur. Əvəzində sement, rəng qoxusu, toz-tozanaq və təbii ki, səs-küy. Yazıçılar Birliyində təmir gedir. Sanki hər şey yenilənir. Bu dördmərtəbəli binanın üçüncü mərtəbəsində isə birliyin sədri Anarın 70 illik yubileyinə hazırlıq davam edir. Jurnalist fəaliyyətim boyunca bu qapını bəlkə də 70 dəfə döyüb, müsahibəyə gəlmişəm. Amma bu dəfə məqsəd yubiley söhbəti olduğu üçün “silah-sursat”ımı qapının kandarındaca qoyuram. Gəlirəm ki, 70 yaşlı Anarla bir az həyatdan, bir az qocalıqdan, bir az da yaradıcılıqdan danışaq. Amma söhbətin axarı bəzən planlaşdırmadığımız mövzulara da aparır...

- Son illər əksər yazıçıların hökumətə münasibətdə daim təzim vəziyyətində olması, ondan nəsə umması, lazımi məqamlarda öz ziyalı mövqeyini bildirə bilməməsi bu ələbaxanlığın nəticəsi deyilmi? 

- Yox. 21 ildir ki, Yazıçılar Birliyindəyəm. Bu illər ərzində - nə Sovet, nə müstəqillik dövründə bir dəfə də olsun, hakimiyyətdən heç kim deməyib ki, bu işi belə elə. Quran gətirin ona əl basım. Sovet dövründə birinci və yeganə Yazçılar Birliyinin sədri idim ki, yazıçıların öz arzusu ilə seçildim, yuxarıdan verilən göstərişlə yox. Ona görə yox ki, mən belə gözəl insanam. Sadəcə, ona görə ki, dövr dəyişdi, artıq partiya diqtə edə bilmirdi ki, filankəsi seçin. Sonrakı qurultaylarda da yuxarıdan təzyiq olmayıb ki, filankəsi seçin. Bir dəfə də olsun mənə deməyiblər ki, niyə bu işi belə elədin. Yazıçılar Birliyinə heç bir təzyiq yoxdur. Əksinə, yazarlara təqaüdlərin verilməsi məsələsində mənim tərtib etdiyim siyahıda müxalifətdən olan yazıçılar vardı. Bir dəfə də mənə demədilər ki, niyə bu dövlətin pulunu dövlətin də olmasa, iqtidarın əleyhinə olanlara verirsən. Və mən bunu qiymətləndirirəm. O vaxt rəhmətlik Heydər Əliyevin yanına girdim və indi adını çəkməyəcəyim bir yazıçıya ev verməsini istədim. Amma həmin adamın müxalifətdə olduğunu da xatırlatdım. Dedi ki, “nə dəxli var  müxalifətdədir, istedadlı adamdırsa, ona ev verilməlidir”.

- Sizinlə bağlı ilginc məqamlardan biri də, müxtəlif iqtidarların dönəmində bu vəzifədə qalmanızdır. Hakimiyyətlər dəyişir, insanlar vəzifələrini itirir, amma Anar yenə də Yazıçılar Birliyinin sədri olaraq qalır. Bunun sirri nədir?

- Çünki onlar məni doğru qəbul edib. Mənə hörmət edənə mən də hörmət etmişəm. Heç bir rəhbər mənə hörmətsiz yanaşmayıb. Hətta Xalq Cəbhəsi dövründə də, ondan əvvəl də, sonra da... Amma buna baxmayaraq, nə heç kimə itaət etmişəm, nə də buyruqla hərəkət etmişəm. O yerdə ki, görmüşəm, nəsə düz deyil, onu üzlərinə demişəm. Faktların hamısı tarixdə qalır. Amma vəzifədən gedəndən sonra heç biri haqda pis söz deməmişəm. Əgər mən hansısa bir iqtidarın adamı olsaydım, ondan sonra gələn iqtidar deyərdi ki, sən onların adamısan. Heç kəs bunu mənə deyə bilməz. Çünki heç kəsin iradəsi ilə oturub-durmamışam.

- Bəlkə də buna görə Yazıçılar Birliyi müəyyən məsələlərdə hər zaman açıq mövqe ifadə etməyib, bir çox hallarda susmağı tərcih edib...

- Haçan biz açıq mövqe ifadə etməmişik? Deyirlər ki, gərək Yazıçılar Birliyi müxalifətin mövqeyində olsun. Axı müxalifət neçə yerə parçalanıb? Hansının mövqeyində olaq?

- Aralarında doğru olanı yoxdur? Ona görə hökumət mövqeyində olmaq daha məqsədəuyğundur? Ancaq hökumət doğru mövqedədir?

- Doğru olanı var ey. Onda da başqaları deyəcək ki, sən niyə o birini seçdin, bizi yox. Bax elə siz özünüz. Bəzən “Yeni Müsavat”da “Azadlıq”, “Azadlıq”da isə “Yeni Müsavat” əleyhinə yazırlar. Müxalifət 50 yerə parçalanıbsa, niyə biz onlardan birini seçək?

- Bu, demokratiyadır və hərə öz fikrini, mövqeyini sərbəst şəkildə ifadə edir.

- Yaxşı, bu, demokratiyadırsa, bizim də mövqeyimiz budur ki, biz heç kimin tərəfində dayanmırıq. Əgər biz Yazıçılar Birliyi olaraq, neytral vəziyyətdə olmasaydıq, ya iqtidar, ya müxalifət siyasəti yürütsəydik, Yazıçılar Birliyi çoxdan parçalanardı.

- Anar müəllim, axı siz 2003-cü il prezident seçkilərindən öncə İlham Əliyevi dəstəklədiyinizi açıq şəkildə bəyan etmişdiniz?! İndi isə deyirsiniz ki, biz neytralıq. Bu, ikili standart deyilmi?

- Mən onu dəstəkləyirəm. Bu gün də dəstəkləyirəm. Özü də mən bunu Yazıçılar Birliyinin yox, öz adımdan demişdim. Çünki alternativ görmürəm.

- Deməli, neytral deyilsiniz də... Yox, mənim müstəqil fikrim odur ki, onu dəstəkləyirəm. Səhv edirəm, ya düz, hər halda, bu mənim müstəqil fikrimdir. Amma mən istəyirəm ki, bizdə güclü müxalifət olsun. Bu müxalifətə imkan yaransın, parlamentdə də, mətbuatda də təmsil olunsunlar. Müxalifət dövlət tədbirlərində iştirak etsin. Səfirlərin tədbirlərində onları görürəm, amma hökumətin tədbirlərində yox. Ya dövlət onları dəvət etmir, ya da özləri gəlmirlər. Dövlət dəvət etmirsə, hesab edirəm ki, eləməlidir. Dövlət dəvət edir, onlar özləri gəlmirsə, yenə də deyirəm ki, gəlməlidilər.

- Parlamentdən söz düşmüşkən, parlamentsiz həyat necə keçir?

- Çox gözəl və firavan. Ora sərf elədiyim vaxtı daha özümün vacib işlərimə ayırıram.

- Belə çıxır ki, orada keçirdiyiniz vaxta görə təəssüflənirsiniz...

-  Yox, təəssüflənmirəm. 18 il deputat olmuşam. Özü də mən Azərbaycanda yeganə adamam ki, üç parlamentin deputatı olmuşam. Azərbaycan Ali Sovetinin, SSRİ Ali Sovetinin və Milli Məclisin. Heç birinə də heyfsilənmirəm. Çünki hamısında mənim çıxışlarım qalır.

- Amma sizi həmişə deputat olduğunuz dönəmdə vacib hadisələrə reaksiya bildirməməkdə ittiham ediblər.

- Elə bir vacib hadisə yoxdur ki, mən ona münasibət bildirməyim. Həmin çıxışlarımdan və verdiyim müsahibələrdən ibarət kitab hazırlayıram. O kitabda böyük bir bölmə var. Bölmənin başlığı belədir ki, “İstəyirəm, süfrələrimiz dolu, türmələrimiz boş olsun”. Orada mənim müxalifət cəbhəsindən olan çoxlu sayda adamın haqqında yazdığım bəraət müraciətləri öz əksini tapıb. Onun müqabilində mənə qarşı nə kimi təzyiqlərin olmasını da orda qeyd etmişəm. Sənədli kitabdır. Onu oxuyanda yəqin ki, bəzi adamlar insafa gələr və işimizə daha obyektiv qiymət verərlər.

- Son müsahibələrinizdən birində deyirsiniz ki, yenidən yaşamaq mümkün olsaydı, bəzi səhvlərimi təkrar etməzdim. Həyatda səhv adlandırdığınız nələr etmisiniz?

- O qədər səhvlər olub ki...

- Artıq onları təftiş etməyə başlamısınız?

- Yox, sadəcə, onları təkrarlamamağa çalışıram. Elə adamlar var ki, onlara inanmışam. İndiki təcrübəm olsaydı, başa düşərdim ki, hər üzə gülən adama inanmaq lazım deyil. İnsanların çoxunu sözünə, vədlərinə görə yox, işinə görə qiymətləndirmək lazımdır. Nankor adamlarla daha az təmasda olardım. Elə adamlar var ki, onları bağışlamazdım. Halbuki bağışlamışam.

- AYB sədrliyi ilə bağlı danışanda həmişə deyirsiniz ki, “mən sədrlikdən getsəm, hamı bir-birini qıracaq”. İndi də eyni fikirdəsiniz? Yoxsa sular durulub?

- Təki elə olmasın. Mən görürəm ki, hamı bir-birindən şikayətlənir. Özü də üzdə yox, arxada danışırlar. Mən də sevmirəm bu vəziyyəti. Birtəhər o adamları yola verirəm. Yazıçıları yola vermək çox çətindir. Rəhmətlik Heydər Əliyev 2005-ci ildə - Milli Məclisin ilk iclası ərəfəsində məni yanına çağırdı. Dedi fikrimiz budur ki, parlamentin ilk iclasını sən açasan. Dedim, çox sağ olun, mənimçün böyük şərəfdir. Amma ömrümdə belə siyasi tədbirləri aparmamışam. Dedi, Milli Məclisin nə qədər üzvü var? Dedim, 125. Soruşdu ki, Yazıçılar Birliyinin nə qədər üzvü var? Cavab verdim ki, 600... Dedi, 600 adamla bacarırsansa, 125 adamla da bacaracaqsan. Razılaşdım və həmin iclası mən açdım.
Ona görə də gənclərə tövsiyəm odu ki, səbrli olsunlar, hazırlaşsınlar. Fikirləşsələr ki, hələ çox şeyi gələcəkdə də ala bilərlər, onda hər şey qaydasına düşəcək... Əsas odu, tələsməsinlər.

- Axı onlar da qocalır?!

- Biz 30 yaşına qədər özümüzü tanıtmışdıq. Bunların 50 yaşı var, hələ də “cavandılar”.

- Söhbətimizin əvvəlində də demişdim ki, sizi daim narazı görürük. Mətbuatda da tez-tez polemikaların içində görünürsüz. Gah dostunuz Elçinlə, gah Akif Əli, gah Əkrəm Əylisli, gah Əflatun Amaşov, gah da gənc yazarlarla... Siyahını uzada da bilərik. Maraqlıdır, siz intriqaları tapırsınız, yoxsa onlar sizi?

- Polemikadan-polemikaya fərq var. Elçin mənim dostumdur. Bir məqalə yazmışdı və mənim fikrimcə, qeyri-obyektiv fikir bildirmişdi. Mən də mədəniyyət, əxlaq, tərbiyə çərçivəsində yazdım ki, elə deyil, belədir. Bu gün də münasibətimiz həmişə olduğu kimi mehriban, dostluq münasibətləridir.
Əflatun Amaşov demişdi ki, Anar Mətbuat Şurasından ona görə gedib ki, burda az maaş verirlər. 20 manat pul verirlər. Guya mən ona qalmışam? O ki qaldı, Əkrəmə, bir dəfə də olsun, öz təşəbbüsümlə ona heç nə yazmamışam. Ancaq yalan yazanda məcburən ona cavab vermişəm. Həmişə demişəm və deyirəm ki, yazıçı kimi Əkrəmi qəbul edirəm, insan kimi vaxtilə dost olmuşuq. Amma yalan yazanda məcburam ki, onun yalan olduğunu deyim. Bir dəfə də təşəbbüs mənim tərəfimdən gəlməyib. O ki qaldı, xırda-para adamlara, onlara heç cavab vermək də istəmirəm.

- Oldu, narazılıqlarla qurtaraq... Anar müəllim, qızınız Günel “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı əsərin davamı olaraq “Altıncı” povestini yazıb. Hətta radiolardan birində mən onun audio versiyasını da eşitmişəm.

- Bəli. Orada guya ki, müəllif Təhminənin gündəliklərini tapıb. Onun audio versiyasını hazırlayıblar. Mehriban Zəki oxuyub, bir qədər musiqi də əlavə edilib.

- Bir müsahibənizdə oxumuşdum ki, deyəsən Rəsul Rza sizin ilk hekayənizi oxuyanda təəssüflə “bu da yazıçı oldu” deyib. Siz qızınızın “Altıncı”sını oxuyanda nə fikirləşdiniz?

- 14 yaşımda Şuşada olanda pyes yazmışdım. Amerika həyatından idi, zəif əsərdi. Onu oxuyanda atam təəssüflə “heyif, sən də yazıçı oldun” dedi. Amma Günelin debütü  mənim debütümdən qat-qat güclüdür. Bəlkə ona görə ki, mən yazmağa başlayanda yeniyetmə idim, amma onun yaşı bir qədər çoxdur?! Onun ilk yazıları daha mükəmməldir. Mən də oxuyanda təəccübləndim. Bilirdim ki, ağıllı qızdır, mütaliəsi, savadı var. Amma belə ədəbi qabiliyyətindən xəbərsiz idim. Oxuyanda gördüm ki, qabiliyyəti var. Bunu danmaq və qadağan etmək olmaz. Deyə bilərlər ki, niyə bir ailədəndir? Neyləyək ey biz? Qabiliyyəti varsa və yazırsa, mən ona necə qadağan edim ki, bu ailədən olduğun üçün yazma?! O vaxt mənim özümə də irad tuturdular ki, ata-anası yazır, özü niyə yazır? İnsana necə qadağan etmək olar yazmağı? Yox, əgər pis yazıramsa, onu irad tutsunlar. Amma məsələni bu cür qoymaq doğru deyil.

- İndi qızınız üçün Anar faktoru baryerdir, yoxsa üstünlük?

- Baryer... Məni istəməyən çirkin adamlar mənim qisasımı ondan da ala bilərlər, yazılarına qeyri-obyektiv qiymət verə bilərlər. Mənə elə gəlir ki, insan kimi güclüdür. Ümid edirəm, bunlara üstün gələcək. Avantajı isə odur ki, hər halda, ədəbi mühitdə böyüyüb, mənim, anasının tərbiyəmizi  alıb.

- Ədəbiyyatda “Macal”, “Uzun ömrün akkordları”, “Əlaqə”, “Yaxşı padşahın nağılı” kimi çox dəyərli, yazıçı kimi özünüzü təsdiq etdiyiniz əsərləriniz olduğu halda, gənc nəsil sizi daha çox melodram stilindəki “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri ilə tanıyır. Yəni, “Yaxşı padşahın nağılı” kimi hətta gizli siyasi yükləri olan bir əsərin müəllifindən daha çox, Zaurla eşq macərası alınmayan Təhminənin yaradıcısı olaraq tanınmaq sizi ağrıtmır?

- Mən sizinlə razıyam ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” mənim yaradıcılığımın zirvəsi deyil. Amma görünür, mövzu məhəbbət olduğu üçün çox populyarlıq qazandı. Hadisələr məhəbbətin fonunda gedir. Bu, tək məhəbbət əsəri yox, azad olmayan cəmiyyətdə azad insan haqında əsərdir. Təhminə azad olmayan bir cəmiyyətdə, azad olmayan mühitdə, azad insandır. Zaur isə azad insan deyil. Əsərin də konflikti budur ki, azad olmayan bir cəmiyyət azad insanı məhv edir. Bu baxımdan baxanda bu əsərin fəlsəfi və ictimai dəyəri də tam bir məhəbbət romanı olmasından daha genişdir.
Əsərləri yazıçının balalarıdır. Bu balalar necə yetişəcək, necə münasibət görəcəklər, hara gedəcəklər - bunlar valideyndən az asılıdır. Əsərləri yazandan sonra sənin ixtiyarından çıxır. Biri populyar olur, digəri daha az populyar.

- Deyirlər, hər ədəbi janrın öz dövrü var. Bəs müasir günümüzün ədəbi janrı nədir?

- Sirr deyil ki, ədəbiyyata maraq azalıb. Amma nisbətən düzdür ki, daha çox sənədli ədəbiyyata maraq var. Uydurulmuş təxəyyülün məhsulu olan, uydurulmuş süjetlərdən daha çox, konkret hadisələrdən ibarət, sənədlərə əsaslanan yazılara daha çox maraq var. Bu, bəlkə də zamanın tələbidir. Mənim də o tipdə yazılarım var.

- 70 yaşdan sonra hansı sahəyə, nəyə yeni səhifə açacaqsınız?

- Yeni səhifə yox. Amma işlərimi davam edəcəm. Və əgər sən müsahibəni yaxşı versən, sənə bir dəfə də müsahibə verəcəm (gülür). Əsas səhifə budur...

Category: Yeni Xəbərlər | Views: 628 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024