Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 20.39MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » KƏMALƏDDİN HEYDƏROVUN “TORBASI TİKİLİR”
KƏMALƏDDİN HEYDƏROVUN “TORBASI TİKİLİR”
23.40

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı ziddiyyətli xəbərlər səngimir. İlk olaraq onun həbs edilməsi barədə söz-söhbətlər dolaşmağa başladı. Bildirilirdi ki, FHN şefinin İlham Əliyevin sözünü eşitmək istəməməsi ölkə başçısını qəzəbləndirib. Nəticədə İ.Əliyev onu “ənənəvi” metodlarla cəzalandırıb, daha sonra isə o, MTN əməkdaşları tərəfindən saxlanılıb. Bu xəbər o qədər də tanınmayan mətbu orqanda dərc edilsə də, ildırım sürətilə yayıldı. Daha sonra ölkənin çoxtirajlı qəzetlərində də bu məsələ ilə bağlı yazılar dərc edilməyə başladı.
Artıq məlum olmağa başlayıb ki, Heydərov həbs edilməsə də, həqiqətən onun başı üzərində qara buludlar dolaşır. Maraqlıdır ki, ölkənin tanınmış qəzetlərinin dünənki sayının manşet yazısı da məhz K.Heydərovla bağlıdır. Yanaşmalar, təhlillər müxtəlif olsa da, bütün mətbu orqanlar K.Heydərovun çətin vəziyyətdə olmasını vurğulayırlar. Əgər bu məlumatlar yayılmaqda davam edirsə və heç bir rəsmi orqan tərəfindən təkzib edilmirsə, deməli məsələ ciddidir.
Bu məlumatlarda qeyd edilir ki, onun digər klanı sıradan çıxarmaq uğrunda mübarizəsi nəhayətdə özünə qarşı yönəlib. Fövqəlnazirə yaxın olduğu bildirilən mətbu orqanların da bu ərəfədə bağlanması diqqətçəkən məsələdir. Hansı ki, həmin mətbu orqanlar son bir-iki ayda K.Heydərovun ətrafında olan adamlara Daxili İşlər Nazirliyinə qarşı yerli-yersiz ittihamlar, hədə xarakterli fikirlər səsləndirməsi üçün geniş meydan vermişdi. Əlbəttə, generalların çəkişməsinin açıq müstəviyə keçməsi hakimiyyət daxilində münasibətlərin həddən artıq gərginliyindən, idarəçilikdə xaosun mövcudluğundan xəbər verir. Təbii ki, bütün bunlar İlham Əliyevi narahat etməyə bilməzdi. Çünki istənilən halda bu, ölkə başçısının əleyhinə işləyən, ən azı onun imicinə zərbə vuran məsələdir. Heç şübhəsiz bütün bunları analiz edən dövlət başçısı belə qənaətə gəlib ki, bu oyunda ən təhlükəli və bir az sonra qarşısının alınması mümkün olmayan fiqur K.Heydərovdur. Həmçinin, o da nəzərə alınıb ki, ətrafında kifayət qədər leqal və qeyri-leqal silahlı dəstələri, fantastik maliyyə imkanları olan bu şəxsi birdən-birə neytrallaşdırmaq, yəni bir günün içərisində vəzifəsindən azad etmək daha ağır fəsadlar verə bilər. Odur ki, möhkəm danlaqdan sonra ölkə başçısı ona bir müddət ölkədən kənarda olmağı tapşırıb. Bu dövrdə isə nazirin himayəsində olan şirkət, müəssisə, mətbu orqanlarda rəsmi və qeyri-rəsmi təftişlər başlayıb. Həmçinin, onun kadrları sayılan məmurlar, deputatlarla ciddi danışıqlara başlanılıb.
Əldə olunan məlumatlara görə, Heydərov xaricə getmək təklifindən imtina etməyib, əksinə, bunu özü də arzulayıb. Hazırda onun Fransada qeyri-rəsmi səfərdə olduğu bildirilir. Fövqəladə hallar nazirinin niyə məhz Fransada olması da çox güman ki, səbəbsiz deyil. Bildirilir ki, Parisin mərkəzində de-fakto ona məxsus mağazalar, ticarət mərkəzləri var...
Yeri gəlmişkən, Kəmalləddin Heydərovun adı ilə bağlı olan “Caspian Fish” şirkəti ətrafında bir neçə il öncə böyük qalmaqal yarananda da o, ölkəni tərk edib xaricə getmişdi. Heydərov ölkəyə yalnız bu qalmaqal səngiyəndən sonra qayıtmışdı. sGörünür, hansısa çıxılmaz vəziyyətdə ya özünü qarşıda yarana biləcək təhlükədən qurtarmaq, ya da prosesləri kənardan idarə etmək məqsədilə ölkəni tərk etmək fövqəladə hallar nazirinin əzəli metodudur.
Aparılan təhlillər, əldə olunan məlumatlar onu deməyə əsas verir ki, həqiqətən Heydərovun vəziyyəti ürəkaçan deyil. Onun “vurulması” istiqamətində hazırlıq işləri getdiyi göz önündədir. Faktiki olaraq, fövqəladə hallar nazirinin müəyyən rıçaqları, konkret olaraq KİV-ə təsir imkanları tamamilə sıradan çıxarılıb. İndi isə onun özünü necə aparacağına diqqət yetirilir.
Belə ziddiyyətli məlumatların sürətlə yayıldığı ərəfədə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının şəhərin mərkəzində təlimlərə başlaması da diqqətçəkən məsələdir. Bəzi mənbələr bunun K.Heydərovun kimlərəsə güc nümayiş etdirməsi, digər mənbələr isə hansısa planlarını həyata keçirməyə hazırlıq kimi dəyərləndirirlər. K.Heydərova İlham Əliyev tərəfindən “səni məhv edərəm” formasında qəti xəbərdarlıq edilməsindən sonra onun güc nümayişinə başlaması ondan xəbər verir ki, K.Heydərov asanlıqla təslim olmaq niyyətində deyil. Hətta belə məlumat da var ki, o, ən yaxın çevrəsi ilə baş verənlər barədə danışarkən “mən Fərhad Əliyev deyiləm ki, tutub içəri basa bilsinlər” ifadəsini dilə gətirməkdən də çəkinməyib. Hakimiyyətdə də belə güman var ki, Heydərovu asanlıqla sıradan çıxarmaq olmayacaq. Yəqin ondan hər an təhlükə gözlədiklərinə görə də Prezident Aparatına, İlham Əliyevə aid digər xidməti və yaşayış yerlərinə əlavə silahlı qüvvələr yerləşdirilib...
Zaman-zaman ekspertlər tərəfindən deyilirdi ki, K.Heydərovun hansısa klana qarşı apardığı mübarizə, bir gün bütövlükdə hakimiyyətə qarşı çevrilə bilər. Amma buna baxmayaraq onun səlahiyyətləri artırılır, ətrafında qeyri-leqal dəstələrlə yanaşı, rəsmi silahlı dəstələrin də cəmləşməsinə imkan verilirdi. Artıq proqnozlar özünü doğrultmağa başlayır. Müşahidələr onu deməyə əsas verir ki, FHN şefi daha böyük iddialardadır. Kimi onun baş nazir postuna, kimi də hətta prezidentliyə iddialı olduğunu düşünür. Hər halda, onun son iki illik fəaliyyəti dövründəki siyasi gedişlərini təsadüfi saymaq olmaz. Kəmaləddin Heydərova yaxşı məlumdur ki, Əliyevlər uzun illər ərzində hakimiyyətdə məhz Ramil Usubovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin hesabına qala bilib. Sözsüz ki, K.Heydərov hər hansı böyük iddialarını R.Usubovu sıradan çıxarmadan reallaşdırmağın mümkün olmadığını anlayır. Düşünmək olar ki, İlham Əliyev FHN başçısının DİN-ə qarşı xüsusi kampaniya aparmasının arxasında hansı missiyanın dayandığını bilib. Ona aydın olub ki, Ramil Usubovun “vurulması” hakimiyyət üçün çox böyük zərbə vura, hətta rejimin çökməsilə də nəticələnə bilər. Heydərovun kampaniyasının hakimiyyət üçün real təhlükə olduğu üzə çıxdığından fövqəladə hallar nazirinin yerində oturdulması qərarı verilib.
Sevdimali_Pervin
Views: 690 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024